Xırdalanın əsas avtomobil yolları illərdir ki, müharibə meydanını xatırladır. Çala-çuxurdan ibarət olan yolların problemi həll edilmir.
Tribunainfo.az xəbər verir ki, Xırdalanın mərkəzinə gedən yolun vəziyyəti illərdir bərbad haldadır. Baxımsızlıqdan və təmirsizlikdən onsuz da bərbad halda olan yollarda hərəkət son günlər daha da müşgülə çevrilib. Dərin çuxurlar avtomobillər, avtobuslar üçün böyük problem və təhlükə yaradır. Çuxurlar kanalizasiya suyu ilə dolduğundan ətrafı da üfunət iyi bürüyür. Sakinlər bildirib ki, sözügedən yolda avtomobillərin hərəkəti artıq o qədər çətinləşib ki, bəzən uzun tıxac yaranır. Çünki avtomobillər, avtobuslar hərəkət edə bilmir. Sözügedən yol Xırdalanın ən işlək yollarındandır. “AAAF Park” yaşayış kompleksi və digər yaşayış binalarına gedən yol sözügedən hissədən keçir. Xırdalan sakinləri bildirib ki, hər gün bu yolla gedib gəlmək məcburiyyətində qalırlar. Problemin həlli üçün sakinlərin Abşeron rayon İcra Hakimiyyətinə və digər aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, heç bir tədbir görülməyib. Sakinlər tezliklə yolda yaranmış təhlükəli vəziyyətin aradan qaldırılmasını tələb edir.