Xəbər verildiyi kimi Tovuzda kütləvi zəhərlənmə faktı qeydə alınıb. Hadisə rayonun Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində baş verib.
Bizim.Media-nın yerli bürosu məktəbdəki tüstülənmə ilə bağlı təfərrüatları öyrənib.
Tüstülənmə nəticəsində 25 nəfər özünü pis hiss edib. Onlardan 3-ü texniki heyətin işçiləri, 22-si isə ibtidai sinif şagirdləri olub. İlkin məlumata görə tüstüdən zəhərlənənlərin arasında vəziyyəti ağır olan yoxdur.
Qeyd edək ki, Qazax-Tovuz Regional Təhsil İdarəsindən də məsələyə açıqlama verilib.
Bildirilib ki, Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması tüstülünməyə səbəb olub. Şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər.
Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.