ABŞ İranda hakimiyyəti devirmək üçün uğursuz cəhd göstərdiyini açıqlayıb. AzVision.az xəbər verir ki, ABŞ-nin Dövlət katibi Antoni Blinken İranda hakimiyyəti dəyişməklə bağlı keçirilən “eksperimentlər”in elə də xüsusilə uğurlu olmadığını etiraf edib.
“Son 20 ilə nəzər salsaq, rejim dəyişikliyi ilə bağlı təcrübələrimiz xüsusilə uğurlu olmayıb. Vaşinqton İran daxilində əhalini dəstəkləmək üçün “sərmayə qoymağa” çalışdı, lakin ölkə xaricində bunu etmək Amerika hakimiyyəti üçün çətin oldu”, - ABŞ-nin Dövlət katibi deyib.
Hazırda Vaşinqtonla Tehran arasında ikitərəfli diplomatik əlaqələrin olmadığını xatırladan Blinken, vurğulayıb ki, kənardan nə isə planlaşdırmaq cəhdlərinə ehtiyatla yanaşardı.
Bu arada, Vaşinqton İrana qarşı yeni sanksiyalar tətbiq edib. İki fiziki və iki hüquqi şəxs İran ordusunun naviqasiya sistemləri üçün komponentlərin hazırlanmasında və alınmasında iştirakına görə sanksiyalar siyahısına daxil edilib.
- Birləşmiş Ştatlar İranın Rusiyaya, terrorçuların əlaltılarına və bütün dünyada sabitliyi pozan digər aktorlara ölümcül silahlar vermək cəhdlərinin qarşısını almağa davam edəcək”, - ABŞ-nin Maliyyə nazirliyinin bununla bağlı verdiyi bəyanatda deyilir.