
Suriyada yeni siyasi sistemə keçid üçün mühüm addım olaraq xarakterizə edilən Milli Dialoq Konfransı paytaxt Dəməşqdə 600-dən çox iştirakçı ilə başlayıb.
Teleqraf xəbər verir ki, konfransda Suriyanın yeni idarəetmə sisteminin əsas prinsipləri ilə bağlı təkliflər hazırlanacaq.
Suriya Türkmən Məclisi (STM) dəvət olunmadığı Milli Dialoq Konfransına reaksiya verib.
Türkmənlərin Suriyanın yeni rəhbərliyini dəstəkləməyə davam etdiyi vurğulanın bəyanatda bu ifadələr yer alıb:
“Suriya Türkmən Məclisi olaraq Suriyanın yeni administrasiyasının həyata keçirdiyi siyasi prosesi dəstəklədiyimizi vurğulayırıq. Bununla belə, biz Milli Dialoq Konfransına Hazırlıq Komitəsinin tətbiq etdiyi istisna yanaşmanı və bu çərçivədə türkmən icmasını təmsil edən Suriya Türkmən Məclisini diqqətdən kənarda qoymasını rədd edirik. Bu münasibət türkmən ictimaiyyətində qəbuledilməz narahatlıq yaradıb və konfransın nəticələri türkmənlərin gözləntilərinə cavab verməsə və onların hüquqlarını təmin etməsə, nəticələrlə bağlı qeyd-şərtlərimizi davam etdirəcəyimizi bildiririk.
Suriya bir rəngdən ibarət deyil və hər hansı komponentin siyasi prosesdən kənarda qalması qəbuledilməzdir”.
Bəyanatda bütün komponentlərin təmsil olunduğu, təcrid və ayrı-seçkilikdən azad yeni Suriyanın qurulmasına ümidlərin davam etdiyi bildirilib.
Konfransda Suriya Prezidenti Əhməd Şəra və xarici işlər naziri Əsəd Həsən Şibani çıxış edib.