Bakıda müştərinin etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməkdə təqsirləndirilən Fərrux Əsgərov və Rabil Tağıyevlə bağlı iddia üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Əminə Abbasovanın sədrliyi ilə keçirilən prosesdə cavabdeh şəxslərdən Fərrux Əsgərov iştirak etməyib.
İş üzrə zərərçəkən qisimdə tanınan xanım jurnalist Maqda Kovalyova bildirib ki, ailəsinin Fərrux Əsgərova 34 520 manat ödənişini sübut edəcək videogörüntü var. Hakim iddiaçı tərəfə həmin videogörüntünün CD-yə köçürülərək ekspertiza üçün məhkəməyə təqdim edilməsini bildirib.
Ötən prosesdə iddiaçı tərəf maddi ziyanın ölçülməsi üçün məhkəmə tərəfindən ekspertizanın təyin olunması ilə bağlı müraciət edib.
Məhkəmə 10 gün ərzində ekspertizanın təyin olunması ilə bağlı qərar qəbul edib.
Daha sonra cavabdeh Rabil Tağıyev məhkəmədə çıxış edib.
O, Maqda Kovalyovanı və ailəsini 4 ilə yaxın müddətdir tanıdığını və əvvəllər də onlarda işlədiyini, lakin problem yaşamadığını qeyd edib:
“Fərrux Əsgərov briqadanı ötən ilin may ayında çağırdı. Biz Maqda Kovalyovanın evində çalışmalıydıq. Lakin Fərrux Əsgərov təmirin aparılması üçün nə normal şəkildə material alıb gətirirdi, nə də bizim pulumuzu verirdi. Buna görə də biz işi saxladıq və başqa yerə işləməyə getdik”.
Rabil Tağıyevin çıxışından bəlli olub ki, Fərrux Əsgərov ustaların ona təqdim etdiyi xərclər cədvəlini dəyişib və ödənişi şişirdib. Belə ki, Rabil Tağıyevin evin tam şəkildə təmiri üçün xərcləri təyin etdiyi məbləğ 17 470 manat olsa da, Fərrux Əsgərov həmin məbləği əsassız şəkildə şişirdərək 23 470 manata dəyişib.
“Həmin evdə kiçik iş üçün Maqda xanım məni çağırdı. Elə həmin gün məndən soruşdu ki, ev üçün 30 min manata yaxın ödəniş olunsa da, evdə təmir işləri aparılmayıb. Mən ona təmir üçün 17470 manat pulun lazım olduğunu, bunu cədvəl şəklində hazırladığımı və bunu Fərruxa dediyimi bildirdim. Məsələni aydınlaşdırdıqdan sonra mən yenidən Maqda xanımla əlaqə saxladım. Xərclər cədvəlinin şişirdildiyini ona bildirdim. Bu işdə Fərruxun onu və ailəsi aldatdığını söylədim”.
Rabil Tağıyev əlavə edib ki, Fərrux Əsgərov xərclər cədvəlini şişirtməklə yanaşı, evdə görülən təmirdə ucuz və keyfiyyətsiz tikinti materiallarından istifadə edib: “İlkin xərclər cədvəlini Maqda xanıma göstərdiyim üçün Fərruxla aramızda mübahisəm oldu. O, məni vurdu. Bununla bağlı polisə də müraciət etmişdim”.
Məhkəmə Fərrux Əsgərovun növbəti iclaslarda iştirak etmədiyi halda belə keçiriləcəyini proses iştirakçılarının nəzərinə çatdırıb.
Məhkəmə qeyri-müəyyən vaxta təxirə salınıb.
Qeyd edək ki, cavabdeh Fərrux Əsgərov və Rabil Tağıyev şifahi razılaşma əsasında evi təmir edib təhvil verəcəkləri ilə bağlı öhdəlik götürərək iddiaçılar Vladimir Kovalyov və Maqda Kovalyovadan ümumilikdə 34 min manatdan çox pul alıb. Lakin o, evin təhvil vaxtını dəfələrlə müxtəlif bəhanələr gətirərək təxirə salıb. Evi tam təhvil vermədiyi üçün iddiaçı tərəf cavabdehdən evin təmiri üçün xərclənməmiş 18 min manat vəsaiti tələb edib və bununla bağlı polisə müraciət olunub. Cavabdeh tərəf onlardan vaxt istəyərək 10 gün ərzində evi təhvil verəcəklərini bildirsə də, heç bir addım atılmayıb.
Daha sonra iddiaçı tərəf məhkəməyə müraciət edib.