Ziya Məmmədov Etibar Pirverdiyevə olan borcu niyə qaytarmır? - İş məhkəməlik olub...
Tarix: 8-07-2015, 09:27 |
Çap et
"Azərenerji”nin prezidenti Etibar Pirverdiyevin nəzarətində olan "Azenco” ASC Nəqliyyat Nazirliyinin tabeliyindəki "Azəryolservis” ASC-ni məhkəməyə verib.
diaaz.space bildirir ki, bu barədə məlumatı "Reytinq” qəzeti yayıb. Məlumata görə, Etibar Pirverdiyevin səlahiyyətlərinin əhəmiyyətli hissəsi "Azərişıq” ASC-ya veriləndən sonra sifarişli ciddi şəkildə azalan "Azenco” ASC maliyyə böhranından çıxa bilmir. Bu səbəbdən də ASC-yə borcu olan dövlət müəssisələrini sıxışdırır.
Məlumatda bildirilir ki, "Azenco”ya iri məbləğdə borcu olan müəssisələrdən biri də "Azəryolservis” ASC-dir. Bu ASC-nin sədr əvəzi Saleh Məmmədov Etibar Pirverdiyevin israrlı borcu ödəmək tələbini özbaşına, yəni, Nəqliyyat Nazirliyindən tapşırıq verilməyənə qədər, yerinə yetirmədiyi üçün iş məhkəməyə gedib çıxıb. Artıq tərəflər arasında məhkəmənin birinci "raundu” baş tutub. Lakin 1 saylı Bakı Inzibati-Iqtisadi Məhkəmənin verdiyi qərar mübahisəyə son qoymayıb.
Məlumata görə, tərəflər arasındakı növbəti çəkişmə iyulun 2-də Bakı Apellyasiya Məhkəməsində baxılsa da, "Azenco” ASC "Azəryolservis” ASC-yə qarşı bütün iddia tələblərinin təmin edilməsinə nail ola bilməyib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Həmid Həmidov birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bu isə onu göstərir ki, iş Ali Məhkəməyə qədər uzanacaq. Mənbə borcu dəqiq məbləğini söyləyə bilməsə də, külli miqdarda olduğunu deyib.