Azərbaycan Mərkəzi Bankı (AMB) "PulPal", "PashaPay" və "K Group" MMC-lərə icrası məcburi göstəriş verib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun apardığı araşdırmalar nəticəsində "PulPal"ın “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna uyğun olaraq ödəniş xidməti istifadəçilərindən ödəniş əməliyyatlarının aparılması üçün qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyinin təmin edilməsinə dair tələbləri pozduğu üzə çıxıb. Odur ki, həmin qanunun tələbləri rəhbər tutularaq şirkətə icrası məcburi göstəriş verilib.
"Milliön" ödəniş terminallarının və M10 elektron pul qabının sahibi olan “PashaPay”in isə “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nı üzrə fərdi məlumatların işlənilməsi və mühafizəsi ilə bağlı tələbləri pozduğu məlum olub. Odur ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun tələbləri rəhbər tutularaq şirkətə icrası məcburi göstəriş verilib.
Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart"ın operatoru - "K Group"un isə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun tələblərinə uyğun olaraq emissiya olunan elektron pulların istifadəsi, o cümlədən elektron pulların qalıq dəyəri barədə istifadəçilərə məlumat vermədiyi üzə çıxıb. Odur ki, həmin qanunun tələbləri rəhbər tutularaq şirkətə müvafiq pozuntu hallarının aradan qaldırılması ilə bağlı icrası məcburi göstəriş verilib.