
Musavat.com xəbər verir ki, Ukraynanın keçmiş prezident müşaviri Aleksey Aristoviç Ukrayna rəhbərliyinin xarici siyasətini sərt tənqid edib.
O, Azərbaycanın xarici siyasətini nümunə göstərərək, Volodimir Zelenski və komandası üçün dərs çıxarılmalı məqamlar olduğunu bildirib:
“Bu vəziyyətə düşməmək üçün sadəcə İlham Əliyev olmağı bacarmaq lazım idi. Azərbaycan prezidenti öz xarici siyasətinə görə həqiqətən də postsovet məkanı üçün nümunədir. Çünki o, Qərbə heç bir zaman güvənmədi, Rusiya qarşısında isə balansı sona qədər qoruya bildi, lazım gələndə Rusiyaya qarşı da mövqe qoydu. Ukrayna diplomatiyasının Azərbaycandan öyrənməli olduğu çox şey var”.
Aristoviçin bu açıqlaması ABŞ və Ukrayna arasında son gün baş verən diplomatik qalmaqalla eyni vaxta təsadüf edir. Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp və Volodimir Zelenski arasında keçirilən görüş gərgin keçib.
Fox News-un məlumatına görə, Tramp Zelenskidən Ağ evi tərk etməsini istəyib. ABŞ Dövlət Departamentinin rəhbəri Marko Rubio və Trampın müşaviri Maykl Uolts isə Ukrayna tərəfinə mesaj göndərərək, “Zelenski sülhə hazır olduğu zaman qayıtsın” deyə bildirmişdilər.
Bu hadisələrdən sonra Ukrayna lideri və onun nümayəndə heyəti jurnalistlərə açıqlama vermədən Ağ evi tərk edib. Həmçinin, tərəflər arasında planlaşdırılan mühüm razılaşma da imzalanmayıb.
Musavat.com-un əldə etdiyi məlumata görə, Zelenski görüş zamanı Trampın bəzi açıqlamalarına gözlərini döyərək və çiyinlərini çəkərək reaksiya verib. Bu isə Ağ evdə qıcıq yaradıb. Tramp görüşdən sonra zarafata edərək, “Biz əla şou göstərdik” deyib.
Ukrayna diplomatiyası Azərbaycandan dərs almalıdır?
Aristoviçin fikrincə, Zelenskinin uğursuz xarici siyasət kursu ölkəsini belə biabırçı vəziyyətə salıb. O, Azərbaycan prezidenti İlham Əliyevin strateji mövqeyini nümunə göstərərək bildirib ki, Ukrayna rəhbərliyi də balans siyasəti yürüdə bilsəydi, indiki fiasko yaşanmazdı.
İlham Əliyevin xarici siyasətinin postsovet məkanında örnək olduğunu vurğulayan Aristoviç, Azərbaycanın Qərb və Rusiya arasında incə balansı qoruduğunu, öz milli maraqlarını sona qədər müdafiə etdiyini qeyd edib. Onun sözlərinə görə, Ukrayna diplomatiyası da bundan dərs çıxarmalıdır.
ABŞ-Ukrayna münasibətlərində yaranan gərginliyin gələcəkdə hansı nəticələr doğuracağı hələlik məlum deyil. Lakin artıq aydındır ki, Kiyev Vaşinqtondan gözlədiyi dəstəyi əvvəlki kimi asanlıqla ala bilməyəcək.