
Ermənistanın baş naziri Nikol Paşinyan ölkə konstitusiyasına dəyişikliklə bağlı referenduma əsas qanunun preambulasında müstəqillik bəyannaməsi ilə bağlı bəndin dəyişdirilməsi təklifini təqdim etməyi planlaşdırır. Bu barədə "Hraparak" qəzeti hakim "Vətəndaş Sazişi" partiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, konstitusiyanın yeni redaktəsində Paşinyanın müəllifi olduğu "Real Ermənistan" layihəsindən istifadə olunacaq. Məlumata görə, Paşinyanın ideyası partiya daxilində dəstəklənməyib. Lakin onun siyasi komandasından heç kim təşəbbüsü müdafiə etməsə belə, o, bu planı həyata keçirmək niyyətindədir. Xatırladaq ki, 2024-cü ilin sentyabrında Paşinyan Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün Ermənistan konstitusiyasının dəyişdirilməsinin mümkünlüyünü bəyan edib.
Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a söyləyib ki, Ermənistana birmənalı şəkildə Azərbaycan və qardaş Türkiyənin torpaqlarına iddia etməklə bərabər dayanıqlı sülhdən danışmağın mümkün olmadığı izah edilib:
“Yəni Ermənistan Azərbaycan və Türkiyənin torpaqlarına iddiasını açıq şəkildə ortaya qoyur. Həmçinin Ermənistan gerbində Türkiyənin torpağının bir hissəsi əks olunur. Belə bir şəraitdə nə Azərbaycan, nə də Türkiyə Ermənistanla normal münasibətlər qura bilər. Ona görə də Ermənistan tərəfinə Azərbaycan bunu dəfələrlə yumşaq şəkildə izah edib. Azərbaycan Ermənistana bildirib ki, torpaqlara olan iddialardan əl çəkin və konstitusiyanı dəyişin. Bundan sonra Ermənistanla anlaşmaq mümkündür. Nikol Paşinyan da bunun qaçılmaz gərçəklik olduğunu əvvəldən anlayırdı və əslində dəyişiklik etməyə hazır idi. Sadəcə olaraq Ermənistan daxili ictimai rəyi və onun arxasındakı xarici güclər buna imkan vermir. Belə olan halda isə proses uzanır. Lakin prosesin uzandıqca Ermənistanın itirəcəklərinin çoxaldığını Nikol Paşinyan hər kəsə göstərməyə çalışır. Ötən dövr ərzində baş verənlər Ermənistanın heç nə qazanmadığını açıq şəkildə göstərir. Ermənistan konstitusiya Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası olmayacaq şəkildə yenidən qəbul olunarsa, ölkələr arasında münasibətlər qurmaqda problem yaşanmayacaq. Ermənistanın daxilində və xaricində olan revanşist dağıdıcı qüvvələr buna imkan vermirdilər. Amma onlar da məcburiyyət qarşısında bununla barışmalı olacaqlar”.