
Azərbaycan Mərkəzi Bankı (AMB) cari ilin yanvar ayı ərzində bank müştәrilәrinin bank xidmәtlәrindәn istifadәsi üzrә şikayәt indeksini acıqlayıb.
2025-ci ilin yanvar ayında Azərbaycanda ən çox şikayət edilən bank 2.92 indeksi ilə “Yapı Kredi Bank Azərbaycan” seçilib.
Siyahıya əsasən ikinci yerdə “Yelo Bank ASC”, üçüncü yerdə isə “Turan Bank ASC” dayanır.
Sözügedən bankların fəaliyyətinin dayandırılması gözləniləndir?
Hüquqşünas, iqtisadçı-ekspert Əkrəm Həsənov “Referans”-a açıqlamasında bildirib ki, hansısa bank haqqında şikayətin çox olması onun vəziyyəti pis olmasından xəbər vermir.
“Bu şikayətlərin nə qədər əsaslı olması da şübhəlidir. Bir çox hallarda vətəndaşlar əsasən əsassız şikayətlər edirlər. Ən çox şikayətlər vətəndaşlarla işləyən banklarda olur. Azərbaycanda elə banklar var ki, onlar vətəndaşlarla yox sahibkarlarla işləyir. Məsələn, Paşa Bank, Xalq Bank və s. Bu o demək deyil ki, belə banklarda hər şey mükəmməldir. Sadəcə sahibkarlar bir qayda olaraq şikayət etmirlər. Bir sözlə hər hansısa bankla bağlı şikayətlər bankın vəziyyətindən xəbər verə bilməz. Bankın maliyyə vəziyyətinin bu məsələ ilə əlaqəsi yoxdur”.
Ekspert tərtib olunan belə siyahılara görə vətəndaşların təşvişə düşməsinə ehtiyac olmadığını da qeyd edib.