
Rusiya və ABŞ arasında bir çox sahələr üzrə razılaşmaların əldə edilməsi yönündə proses gedir. Artıq ikitərəfli təmasların genişləndirilməsi üçün Moskva və Vaşinqtonda diplomatik nümayəndə heyətinin yaradılması barədə razılığa gəliblər. Bu barədə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marko Rubio Ər-Riyadda Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlardan sonra deyib.
Rubio bildirib ki, Qərb Ukraynadakı müharibəni həll etmək üçün Rusiya Federasiyasına qarşı bəzi iqtisadi sanksiyaları ləğv etməli olacaq. Eyni zamanda o xəbərdarlıq edib ki, “bütün tərəflər” Ukraynadakı vəziyyətin sülh yolu ilə nizamlanması şərtləri ilə razılaşmalıdır. O təklif edib ki, Avropa İttifaqı da Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi üçün nə vaxtsa danışıqlar masası arxasında olmalıdır: “Sanksiyalar bu münaqişənin nəticəsidir. Biz onların yumşaldılması şərtlərini əvvəlcədən müəyyən etmək niyyətində deyilik. Və təbii ki, biz bunu nə bu gün, nə də mətbuat konfransında müzakirə etməyəcəyik. Avropa İttifaqı nə vaxtsa danışıqlarda iştirak etməli olacaq, çünki onların da sanksiyaları var”.
Daha sonra ABŞ dövlət katibi avropalı müttəfiqlərinə bildirib ki, ABŞ ən azı Ukraynada müharibənin dayandırılması ilə bağlı razılıq əldə olunana qədər Rusiyaya qarşı sanksiyaları davam etdirəcək. Bu məlumatı "Bloomberg" öz mənbələrinə istinadən yayıb. Agentlik qeyd edir ki, Rubio telefon danışığında avropalı həmkarlarını sanksiyaların daha əvvəl ləğv edilməyəcəyinə inandırıb.
Bildirilir ki, sanksiyaların bir çoxu avropalı müttəfiqlərlə əməkdaşlıq çərçivəsində tətbiq edilib. Buna görə də ABŞ-ın məhdudiyyətləri vaxtından əvvəl ləğv etməklə bağlı mümkün qərarı Avropanın Putini müharibəni maliyyələşdirmək üçün lazım olan puldan məhrum etmək səylərinə ciddi zərbə vuracaq: “Rubionun sanksiyalarla bağlı arxayınlığı ABŞ-ın Bayden administrasiyasının Rusiyaya qarşı tətbiq etdiyi ağır maliyyə sanksiyalarını yüngülləşdirəcəyindən qorxan avropalı müttəfiqləri rahatlaşdıra bilər”.
Bu arada Dövlət Departamentinin Rubionun avropalı müttəfiqləri ilə danışığı ilə bağlı hesabatında sanksiyalardan bəhs edilməyib, lakin ölkələr “Ukraynadakı münaqişəyə davamlı son qoymaq üçün işləmək üçün sıx əlaqə saxlamağa razılaşıblar”.
ABŞ-ın yeni rəhbərliyi Rusiya ilə danışıqlara gedib, sanksiyaların yumşaldılması barədə ehtimallar irəli sürərkən Avropa İttifaqı yeni sanksiya paketi üzərində işi yekunlaşdırıb. "Reuters"in yaydığı məlumata görə, Avropa İttifaqına üzv 27 ölkənin daimi nümayəndələri Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyib. Paketin gələn həftə - Rusiyanın Ukraynaya işğalçı hücumunun üçüncü ildönümü ərəfəsində Aİ nazirləri tərəfindən rəsmən qəbul olunması və qüvvəyə minməsi nəzərdə tutulur.
"Reuters"in məlumatına görə, Aİ ölkələri Rusiyadan ilkin alüminium idxalını qadağan edəcək. Eyni zamanda Rusiya neft-qazının gizli daşınmasını təmin edən 73 tankerin də qara siyahıya salınacağı gözlənilir.
"Bloomberg"in yaydığı məlumata əsasən, Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinə həmçinin Rusiyanın bəzi dəniz və hava limanları ilə əməliyyatların qadağan edilməsi də daxildir. Agentliyin məlumatına görə, məhdudiyyətlərə Rusiyanın daha 13 bankının SWIFT beynəlxalq ödəniş sisteminə çıxışdan məhrum edilməsi də daxildir.
Bundan əlavə, Rusiyaya videooyun konsollarının satışı da qadağan olunacaq. Bildirilir ki, Rusiya hərbçiləri bu konsollardan Ukraynaya qarşı hücum dronlarını idarə etmək üçün istifadə edirlər.
Tramp Rusiyaya qarşı sanksiyaları ləğv edir?
Aİ-nin yeni sanksiya paketində Rusiyadan maye qaz idxalına bəzi məhdudiyyətlərin tətbiqi də nəzərdə tutulur. Eyni zamanda Rusiyanın neft-qaz emalı zavodlarına xidmətlərin qadağan olunması, 35 hüquqi, 48 fiziki şəxsin qara siyahıya salınması da nəzərdə tutulur.
Aİ ilə yanaşı, Böyük Britaniya, Kanada və Avstraliya da Rusiyaya qarşı sanksiyalar hazırlayırlar və onların də gələn həftə açıqlanacağı gözlənilir.
İqtisadiyyat üzrə Avropa komissarı Valdis Dombrovskis bildirib ki, ABŞ məhdudiyyətləri aradan qaldırmaq qərarına gəlsə belə, Avropa İttifaqı anti-Rusiya sanksiyaları siyasətindən əl çəkmək niyyətində deyil: “ABŞ-ın yeni administrasiyasının siyasətini nəzərə alaraq, Aİ öz təhlükəsizliyi ilə bağlı məsələləri öz əlinə almalıdır və bu, sanksiyalar siyasətinə də aiddir. Bilirsiniz ki, hazırda 16-cı paket üzərində iş gedir”.
Avropa Komissiyasının sözçüsü Paula Pinho daha əvvəl vurğulamışdı ki, Aİ enerji sektorunda Rusiya əleyhinə sanksiyaları davam etdirəcək. O əlavə edib ki, ABŞ-ın Ukrayna böhranının sülh yolu ilə nizamlanması kontekstində bu məsələ ilə bağlı niyyətləri Avropa tərəfinin planlarına təsir etməyəcək.
Onu da qeyd edək ki, ABŞ başda olmaqla, Ukraynadakı işğalçı müharibəyə görə Rusiyaya 2022-ci ildən indiyədək 800-dən çox sanksiya tətbiq olunub. Sanksiyalar Rusiyanın əksər banklarının, gəlir gəitrən dövlət və özəl şirkətlərinin fəaliyyətini kəskin şəkildə məhdudlaşdırıb. Rusiyanın neft, qaz, kimya, qiymətli metallar, atom enerjisi və sair sahələrdə fəaliyyətini əhatə edir. Bundan əlavə, Rusiyanın əsasən Avropa ölkələrində olmaqla, 300 milyard dollar dəyərində dövlət ehtiyatları bloklanıb. Ötən il G7 tərəfindən qəbul edilmiş plan əsasında həmin vəsaitlərin yenidən investisiyasından əldə edilən gəlirlər hesabına qaytarılmaq şərtilə Ukraynaya 50 milyard dollarlıq kredit ayrılıb.
ABŞ bu sanksiyaları qısa müddət ərzində ləğv edə bilərmi? Sualı cavablandıran politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Yeni Müsavat”a dediyinə görə, Tramp administrasiyasının hazırda əsas məqsədi Rusiya ilə Ukrayna arasında razılaşma əldə etməkdir: “Yəni münaqişəni köklü həll etmək indiki halda mümkün deyil, Tramp da bunu bildiyi üçün ən azından atəşkəsə nail olmağa çalışır. Atəşkəs olub, müharibə müvəqqəti də olsa dayansa, Tramp bunu öz uğuru kimi qələmə verəcək. Amma o, bir biznesmen kimi gəlirdə də maraqlıdır. Onun bütün xarici siyasəti, təhlükəsizlik siyasəti belə biznes maraqları üzərində qurulub: az xərcləyib çox qazanmaq. Keçmişdə Amerikanın digər ölkələrə etdiyi yardımları, xərcləri də geri qaytarmağa çalışır. Ukraynaya da bu məqsədlə bir təklif edib ki, sənə edilən yardımların əvəzində nadir metallar və mineral ehtiyatlarının yarısını - təxminən 500 min dollarlıq hissəsini mənə verməlisən. Aydın məsələdir ki, təklifin arxasında təhlükəsizlik təminatı olmadığına, həmçinin ədalətsiz xarakter daşıdığına görə Ukrayna prezidenti Vladimir Zelenski onu qəbul etmədi”.
Politoloq bildirir ki, Rusiya Trampın bu yanaşmasından hiyləgərliklə istifadə etməyə çalışır: “Onlar bunu gizlətmirlər də. Səudiyyə Ərəbistanında keçirilən görüşlərdə Amerikaya iqtisadi səmərəli layihələr təklif ediblər. Hətta Rusiyadan çıxan Amerika şirkətlərinin 300 milyard dollar itirdiklərinə dair qeyri-dəqiq hesablama da açıqlayıblar. Rusiya rəsmiləri açıqlamalar verirlər ki, Amerika şirkətlərinə hər cür iş şəraiti yaratmağa hazırdırlar-filan. Yəni Rusiya Trampın biznes maraqlarını alovlandırmaqla danışıqlarda özünə lazım olanı qopartmağa çalışır. Bu vədlər Tramp üçün cəlbedici görünə, o da müharibə bitmədən Rusiyaya qarşı sanksiyaların bəzilərini aradan qaldırmağa cəhd edə bilər. Lakin bu, Amerika cəmiyyətində, elə administrasiyanın özündə dəstək qazanacaqmı? Müharibə bitmədən, Rusiya işğalçılıq niyyətindən əl çəkmədən bu addıma gedilməsi ABŞ-ın maraqlarına böyük zərbə kimi qiymətləndiriləcək”.
E.Şahinoğluna görə, Ukrayna-Rusiya cəbhəsində müvəqqəti də olsa, atəşkəs əldə olunub, Trampla Putinin görüşü keçirilərsə, sanksiyaların yumşaldılması istiqamətində fəaliyyətlər başladıla bilər.
Azərbaycan indiyədək Rusiyaya qarşı tətbiq olunan heç bir sanksiyaya qoşulmayıb. Eyni zamanda sanksiya rejimlərinə əməl edilib: ikili təyinatlı malların Rusiyaya reixracına demək olar ki, yol verilməyib, həmçinin Rusiya ilə sanksiyalara zidd olan maliyyə əməliyyatları aparılmayıb. Bu baxımdan, Rusiyaya qarşı sanksiyaların yumşaldılması Azərbaycan üçün hər hansı itirilmiş gəlirin bərpasına gətirməyəcək. Lakin bu, Azərbaycanın iştirakçısı olduğu mühüm nəqliyyat layihələrinin icrasına ciddi problemlər yarada bilər. Belə ki, 2022-ci ildə Ukraynaya işğalçı hücumdan sonra Avropa İttifaqı Asiyadan yüklərin Rusiya üzərindən daşınmasını dayandırıb. Bu, Rusiyadankənar ərazilərdən keçən ticarət yollarının inkişafını aktuallaşdırıb. Belə yollardan biri Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizidir. Çindən Avropaya və əksinə yükdaşımaların Rusiyadan kənar keçməklə ən əlverişli həyata keçirilməsi marşrutu kimi Transxəzər dəhlizinə Aİ-nin marağı xeyli artıb. Brüssel dəhlizin Mərkəzi Asiya ölkələrindən keçən hissəsində infrastrukturun inkişafına 10 milyard avro investisiya yatırmağa qərar verib və artıq bu məbləğin ilk 3 milyard avrosu ayrılıb. Bundan əlavə, ABŞ-ın da aktiv dəstəyi ilə beynəlxalq maliyyə qurumları dəhlizin inkişafına maliyyə ayırmağa başlayıblar. Azərbaycanda da bu marşrutun inkişafı məqsədilə öz ərazisində infrastruktura 1 milyard dollara yaxın əlavə vəsait yatrırıb. Rusiyaya qarşı sanksiyalar aradan qaldırılarsa, bu ölkədən yükdaşımaların bərpası məsələsi də həllini tapacaq. Bu isə Azərbaycan üzərindən reallaşan Transxəzər dəhlizinin arxa plana keçməsinə gətirib çıxara bilər.
Rusiyaya qarşı sanksiyalar yumşaldılacağı təqdirdə bu ölkənin Hindistan və Fars körfəzi ilə əlaqələnməsində əsas rol oynamağa başlayan Şimal-Cənub nəqliyyat dəhlizinə marağını azaldacaq. Bu isə yenə də Azərbaycanın yatırımlar etdiyi bu dəhliz layihəsi üzrə işlərin ləngiməsinə səbəb ola bilər.