
Azərbaycana qarşı əsassız ərazi iddiasından doğan “artsax” ideyası gorbagor olsa da, Ermənistanda yuvalanan separatçı ünsürlər onu təzədən gündəmə gətirmək planlarından əl çəkməyib. Bu yöndə edilən cəhdlər həm də revanşist planlar fonunda diqqət çəkir.
Belə ki, Xankəndidəki işğalçı xuntanın sonuncu rəhbəri, özünü “artsax prezidenti” adlandıran Samvel Şahramanyan “artsax parlamenti”nin səlahiyyətlərinin uzadılması haqqında “fərman” imzalayıb. Guya fövqəladə vəziyyət zamanı “seçkilər” keçirilə bilmədiyi üçün, “parlamentin” səlahiyyət müddəti də 2025-ci ilin mayında başa çatdığından, ya yeni “seçkilər” keçirilməli, ya “parlament” buraxılmalı, ya da “səlahiyyətlər uzadılmalıdır”. “Yeni Müsavat” qeyd edir ki, Şahramanyan üçüncü variantı seçib. Həmin “parlamentin” “vitse-spikeri” Qaqik Baqunts isə artıq separatçı güruhun “aktivistləri” ilə görüşlər keçirir.
Beləcə, gerçək budur ki, İrəvanda işğalçı xuntanın strukturları hələ də sərbəst fəaliyyətdədir. Üstəlik, Samvel Şahramanyan Azərbaycan Ordusunun antiterror əməliyyatlarından sonra imzaladığı xuntanın özünü buraxması barədə “fərmana” rəğmən, özünü bu gün də “prezident” kimi aparır. Bu isə Bakıya qarşı aydın bir ismarışdır: İrəvan Qarabağla bağlı iddiaları gündəmdən çıxarmayıb. O səbəbə işğalçı xuntanın strukturları hələ də “işlək vəziyyətdə” saxlanılır. Həmçinin Ermənistanın ATƏT-in Minsk Qrupunun rəsmi ləğvi ilə bağlı Bakının müraciətini bu günədək cavabsız saxlaması, bu istiqamətdə heç bir praktik addım atmaq istəməməsi, yalnız quru sözlərlə baş qarması yuxarıdakı əsas qənaəti daha da gücləndirir. Ermənistan rəsmiləri ölkə ərazisində uydurma qurumun hər hansı “institut”larının qalmasını milli təhlükəsizliyə təhdid saydıqları barədə açıqlamalar vermişdilər. O zaman nədən Nikol Paşinyan həmin “institutları” görməzdən gəlir, Şahramanyan kimi üzdəniraq “prezident”in və siyasi şarlatanın, hələ də özünü “artsax parlamenti”nin “spikeri” və “deputatları” sayanların qulaqlarını dartmır? “Parlamentin səlahiyyətlərini uzatmaq” nə demək?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Qarabağdan qaçan qanunsuz rejimin fəalları ilə keçmiş “Qarabağ klanı”nın üzvlərinin eyni vaxtda aktivləşdiyini müşahidə etmək olar. Onun sözlərinə görə, buna səbəb regional və beynəlxalq siyasi şəraitdə bəzi dəyişikliklərdən qaynaqlanan ümidlərdir: “Ermənistanda bədxah və faşist qüvvələr sevincək olublar ki, Rusiya ABŞ-la razılıq əldə edərsə, erməni məsələsi yenidən gündəmə gətirilə bilər. Bu səbəbdən irəli gələrək həm mifik rejimin tullantıları İrəvanda toplantılar keçirirlər, həm də Qarabağa qayıdış haqda diskussiyalar başladılıb. Elə güman edirəm ki, Rusiya və ABŞ üçün erməni mövzusu arxaikdir, onlar daha aktual məsələləri razılaşdırırlar. Yəni regiona "erməni kartı" ilə qayıtmaq mümkün olmayacaq".
Hüquq müdafiəçisi əlavə etdi ki, “artsax” deyilən mif darmadağın edilib, dünya ictimaiyyəti onun liderlərini müdafiə etmir, hazırda Bakıda mühakimə olunurlar, ona görə də Şahramanyan onların yanında oturmaq istəmirsə, özünü yığışdırmalıdır: “Burada iki məqsəd güdülür - xaricdəki erməni lobbisindən qondarma qurumun "parlamenti" guya yaşayır deyə maliyyə qoparmaq, ikincisi, gələcək üçün bu rüşeymləri saxlamaq. Ümid edirlər ki, bu hüceyrələri qorumaq lazımdır, bəlkə 30-40 il sonra yenidən fürsət olar və “artsax” adı ilə bölgəyə qayıdılar. İndi isə belə imkan yoxdur".
Ç.Qənizadə xatırlatdı ki, Paşinyan və Simonyan Ermənistan ərazisində “artsax”la bağlı toplantılara icazə verilməyəcəyini dəfələrlə vurğulayıblar: “İnanmıram ki, hakimiyyət onların varlığında indi maraqlıdır. Paşinyan anlayır ki, bu cür qərarlar sülh prosesinə zərər vurur. Düzdür, o da bir ermənidir və səmimi olduğuna şübhəmiz qalır, amma məncə, hazırda sülh gündəliyinə zidd olduğunu dərk edir. O baxımdan, hansısa preventiv addımlar atılacağı istisna deyil. Əgər olmazsa, Azərbaycan Ermənistana xəbərdarlıq etməlidir və sülh danışıqlarına xələl gətirdiyini bildirməlidir. Ermənistan rəhbərliyi Qarabağın Azərbaycana aid olduğunu və ərazi bütövlüyünü tanıdığını bəyan edirsə, İrəvanda bizə ərazi iddiası irəli sürən Şahramanyan kimi qorxaqların zərərverici həşərat kimi davranışlarına da münasibət bildirməlidir, qarşısını almalıdır”.
Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev isə təklif etdi ki, qondarma parlamentin “səlahiyyətlərini” uzatmaq barədə qərarla bağlı rəsmi Bakı İrəvana nota göndərsin: “Artıq ikitərəfli rəsmi təmaslar mövcuddur. Azərbaycan Ermənistana xəbərdarlıq etməlidir ki, öz ərazisində bizə qarşı fəaliyyət var və buna son qoyulmasa, sülh danışıqları irəliləyə bilməz. Məncə, bu məsələdə biz sərt diplomatiya kursu seçməliyik. Nəyə görə buna göz yummaq lazımdır? Şahramanyan indi Araik və digər canilərin yanında ola bilərdi, onun da xunta rejiminin başında hərəkətləri olub. İndi də gedib orada diqqət çəkməyə çalışır. Əgər Paşinyan buna şərait yaradırsa, deməli, məqsəd Qərbi cəlb etməkdir”. Partiya funksioneri burada oyun getdiyini açıqladı: “Şahramanyan yaxşı bilir ki, bu qərar işləməyəcək. Amma yenə də bu addımı atır və mövcud olduqlarını isbatlamağa çalışır. Bununla hədəf kilsənin, revanşistlərin, diaspor və lobbinin dəstəyini qazana bilməkdir. Hər halda, işləməyəcək bu qərar. Amma ürəkbulandıran hərəkətdir. Azərbaycanda separatizmin kökü qazılıb və buna yer yoxdur”.