"Hesab edirəm ki, 2025-ci ilin birinci rübündə Azərbaycanla Ermənistan arasında çərçivə sazişi imzalana bilər".
Bu sözləri Respublikaçı Alternativ (REAL) Partiyasının sədri Natiq Cəfərli "Cebheinfo.az"-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik:
- Natiq bəy, Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarının artıq sülhə doğru getdiyini düşünürsünüz?
- Bəli. Artıq Azərbaycanla Ermənistan arasındakı problemlər ən asan həll oluna biləcək məsələlərdən biridir. Çünki tərəflər arasındakı məsələlər demək olar ki, 90 faiz razılaşdırılıb. Yerdə qalan məsələlərdən biri ATƏT-in Minsk qrupunun ləğvidir. Ermənistan da müəyyən mənada bununla razılaşdığını bəyan edib. Bundan başqa, dövlətlər tərəfindən beynəlxalq məhkəmələrdə qarşılıqlı ittihamlardan imtina olunmalıdır.
- Bəs konstitusiya dəyişikliyi? Ermənistanın konstitusiya dəyişiklikliyinə getməməsi sülh müqaviləsinin imzalanmasına təsir etmir?
- Məncə, Ermənistanın konstitusiya dəyişikliyinə getməməsi belə, sülh müqaviləsinin imzalanmasına birbaşa təsir etməyəcək. Lakin ilkin olaraq çərçivə sazişi imzalayaraq konstitusiyasının dəyişikliyi ilə bağlı öhdəliyin Ermənistanın üzərinə qoyulması mümkündür.
Əslində, konstitusiya dəyişikliyi texniki olaraq uzun bir prosesdir. Bu ən azından bir il davam etməlidir. Həmin müddətdə konstitusiya referendumu ilə bağlı müddəalar açıqlanmalı, müzakirə edilməli və sonra səsvermə keçirilməlidir.
- Maraqlıdır, referendumda Ermənistan vətəndaşları həqiqətən konstitusiya dəyişikliyinə səs verəcəklər?
- Erməni xalqının bu dəyişikliyin lehinə səs verəcəyinə heç kim zəmanət vermir. Yəni əleyhinə də səs verə bilərlər. Bu məsələni sığortalamaq üçün tərəflər arasında çərçivə sazişi imzalanmalıdır.
Hesab edirəm ki, 2025-ci ilin birinci rübündə Azərbaycanla Ermənistan arasında çərçivə sazişi imzalana bilər. Hətta paralel olaraq Ermənistan-Türkiyə münasibətlərində də yeni səhifənin açılması mümkündür.
- Ümumiyyətlə, 2025-ci ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər?
- Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanma vaxtı uzana bilər. Tərəflər arasında 2025-ci ildə sülh müqaviləsinin imzalanması çox ciddi sual altındadır. Bəlkə də buna ehtiyac olmayacaq. Çünki çərçivə sazişində Ermənistan üzərinə öhdəlik götürəcəksə, uzun müddət münasibətlərin tənzimlənməsində açar rolunu oynaya bilər. Hətta səfirliklərin açılması, qarşılıqlı əlaqələrin qurulması yetərlidir.
Bunun ən bariz nümunələrindən biri Rusiya ilə Yaponiyadır. Onlar arasında çərçivə sazişi var, amma indiyə kimi sülh müqaviləsi imzalanmayıb. 1945-ci ildən bu günə qədər sülh müqaviləsi imzalamayıblar, amma qarşılıqlı səfirlikləri fəaliyyət göstərir, iqtisadi münasibətləri var. Yəni Ermənistanın üzərinə öhdəlik qoyularsa, çərçivə sazişinin imzalanması Azərbaycan üçün kifayət edər.
- Nikol Paşinyandan sonra Ermənistanda revanşistlər hakimiyyətə gələrsə, onun imzaladığı çərçivə sazişini tanıyacaqlarmı? Yəni konstitusiyadakı maddələri əsas götürərək revanşist addımlar atma ehtimalları ola bilməz?
- Beynəlxalq hüquq başqa cür işləyir. Müqavilələrə şəxs adından deyil, dövlət adından imza atılır. Kimsə gəlib müqavilədən imtina etsə, öz acı taleyini yaşayacaq. Çünki Ermənistanın Azərbaycana qarşı güc göstərməsi mümkün deyil. Kimlərlə ittifaq qursalar belə nəticə dəyişməyəcək.
Nəzərə almaq lazımdır ki, Azərbaycan həm də Türkiyə ilə müttəfiqlik sazişi imzalayıb. Bu isə o deməkdir ki, NATO-nun ən böyük ikinci ordusu hərbi və qanuni olaraq Azərbaycanın müttəfiqidir. Gələcəkdə ölkəmizin ərazi bütövlüyü ilə bağlı hansısa problem yaranarsa, Türkiyə əsgəri dəstəyə gələcək. Bu, NATO-nun 5-ci maddəsindən daha güclüdür.
NATO-nun həmin maddəsində qeyd olunub ki, ittifaqın hansısa ölkəsinə hücum olarsa, alyans dövlətləri sürətlə toplaşaraq bu məsələni müzakirə edib qərar verəcəklər. Lakin Şuşa Bəyannaməsində isə elə deyil. Bu, istənilən kənar müdaxiləyə qarşı birgə qoruma haqqı verir. Yəni revanşistlərin hansısa iddiaları heç nəyi dəyişməyəcək. Üstəlik, Azərbaycan istənilən halda daima Ermənistandan güclü olacaq.