“Suriyanın süquta uğramış rejim başçısı Bəşər Əsədlə bağlı söz-söhbətlərin yayılmasının bir neçə səbəbi var”.
Bunu TNS-ə “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.
Onun sözlərinə görə, Əsədin zəhərlənməsi ilə bağlı rəsmi Moskvanın açıqlaması yoxdur, bunu Rusiya mənbələri yaya bilər ki, perspektivdə Bəşər Əsədi aradan götürsünlər: “Əsədi aradan götürmək üçün zəhərlənməsi kimi faktlarla onun erasını başa çatdırmaq istəyirlər. Digər tərəfdən isə bunu Rusiyanın nüfuzuna zərbə vurmaq üçün yayırlar ki, Rusiya Bəşər Əsədi aparıb, zəhərlədi.
Çünki 1996-cı ildə Əfqanıstan Mərkəzi Komitəsinin baş katibi Məhəmməd Nəcibullah Moskvada qətlə yetirilmişdi. Yəni, Rusiyanın qəbul etdiyi qonağı, himayə etdiyi iderləri qoruya bilməməsi ilə bağlı Moskvanın bir mənfi imici var.
Bəşər Əsəd Rusiya xüsusi xidmət orqanlarının nəzarəti altındadır. O, hara getsə, nəzarət altında və icazə ilə hərəkət edir. İndiki şəraitdə xüsusi xidmət orqanları onu sərbəst şəkildə buraxa bilməzlər. Başqa bir versiya isə Bəşər Əsədin mühafizəsində problemin olmasıdır.
Əsədin İrana getməsinə gəlincə, xüsusən son dövrdə Rusiya ilə İran arasında Suriyaya münasibət birmənalı deyil.
Rusiya və Türkiyə İranın iştirakı olmadan Suriya məsələsini müzakirə edib. Hətta Rusiya Bəşər Əsədlə Rəcəb Tayyib Ərdoğanın görüşünü belə təşkil etmək istəyirdi”.
S. Soltanın fikrincə, İranın adının burada hallanması onu göstərir ki, guya Rusiya Bəşər Əsədi qoruya bilmədiyi üçün o, Tehrana getmək istəyir: “Bəşər Əsədin devrilməsinə az qalmış İran ona yardım edəcəyini bildirmişdi. Amma son anda Bəşər Əsəd Moskvanın razılığı ilə Rusiyaya getməyə qərar verdi. Digər bir məsələni də qeyd edim ki, Əsəd İranın göstərişlərini yerinə yetirməkdən çəkinirdi. Son bir neçə ay idi, İran Suriya vasitəsilə Livana, “Hizbullah”a silah göndərirdi. Əsəd isə İsrailə qarşı bu hərəkətdən çəkinmək istəyib. Hətta belə xəbər yayılmışdı ki, Bəşər Əsəd sağ qalmaq üçün İsraillə danışıqlar aparacaq və İranla əlaqələri kəsəcək. İranla əlaqələri kəsəcəyi halda İsrail Əsədə bir sıra vədlər də verirdi”.
Politoloq qeyd edib ki, Rusiya Əsədə vədlər verdiyi üçün o, Moskvaya gedib: “İran Bəşər Əsəd üçün təhlükəli ölkə deyildi. Amma İsmayıl Həniyə öldürüldükdən sonra Bəşər Əsəd və başqa liderlər İranı təhlükəli ölkə hesab etdilər. Ola bilsin ki, Bəşər Əsəd bu səbəbdən İrana deyil, Rusiyaya üz tutub. Ehtimal etmək olar ki, Əsədin Rusiyada zəhərləndiyi xəbərini yayanlardan biri İrandır. Onlar Rusiyanın Əsədin təhlükəsizliyini təmin edə bilmədiyini göstərmək istəyirlər. Bütün hallarda bu məlumatların heç biri rəsmi deyil, xüsusi xidmət orqanlarının yaydığı xəbərlərdir. Bunların heç biri rəsmi mənbələrə əsaslanmır”.