“İcra hakimiyyətindən “pul yığın, gətirin, probleminizi həll edək” dedilər” - GİLEY
Tarix: 26-10-2019, 10:45 | Çap et
“Məhəlləni qamış basıb, tez-tez od düşür, evlərə keçir. Qışda altındakı su artır, həyətləri basır. Tədbir görmələri üçün icra hakimiyyətinə müraciət etdik. “Gedin, pul yığın, gətirin, probleminizi həll edək”, – dedilər. Biz pul verəcəyiksə, icra hakimiyyətinə niyə müraciət edək ki?”
Yevlax şəhərinin İsrafil Məmmədov küçəsinin sakini Yeganə Kərimova belə deyir. Şikayətçi bildirir ki, buradakı evlərin heç biri dünən tikilməyib, 1970-ci illərin sonlarından ərazidə yaşayış olub. Və illərdir ki, onlar qurunt sularının həyətlərini basmasından, rütubətdən, məhəlləni basmış qamışdan beziblər.
“Məhəlləni basan quru qamışlardır. Dəfələrlə od düşüb, yanğın ərşə çıxıb. Hətta bir dəfə qonşunun evinə də keçdi, söndürə bilmədilər. Ev yanıb, kül oldu. Yaxşı ki, içində kimsə yox idi, Bakıya getmişdilər. Yoxsa o qədər ani oldu ki, inanın, gecəynən evdən çıxa bilməzdilər, hamısı qırılardı. Məhəllə o qədər dardır ki, yanğınsöndürən də sonacan girə bilməz. Küləkdə od düşsə, bütün evlər kül olar” – deyir, şikayətçilərdən Azər Rəhimov.
Azər Rəhimov bildirir ki, burada yaşayanlar hər gün yanğın qorxusu ilə yaşamaqdan bezib. Bir siqaretdən alışmaq ehtimalı var:
“Hamımız kasıb adamlarıq. Varımız, yoxumuz, bircə evimiz var. O da yansa, biz nə edəcəyik? Küçələrdə qalarıq. İnanın bu yolu da öz gücümüzə abadlaşdırmışıq. Qapımızın ağzıdır, əl dəyməsək, bataqlığa çevrilər. Baxmasaq, hər yeri qamış basar, sabah nə təcili yardım, nə də yanğınsöndürən girə bilməz buralara”.
Yeganə Kərimova deyir ki, qamışlığın altı qurunt suları ilə doludur. Yağış yağanda suyun səviyyəsi qalxır və həyətləri basır. Noyabrın sonlarından aprelədək həyətlərində uzunboğaz çəkmələrlə gəzirlər:
“Başqa çarə yoxdur. Hər yer dizəcən su olur. Əvvəl nasosxana var idi. Abdulla adlı bir kişiyə tapşırmışdılar. Həftədə bir dəfə suyu çəkirdi, belə problem yaşamırdıq. Həmin kişi rəhmətə gedəndən sonra, nasosxananı da dağıtdılar və həmin ildən qurunt suları evimizin içinə girir. Zirzəmiləri, qarajı, əl damlarını, həyətləri su basır. Hətta həyətdəki hamamı, ayaqyolunu da istifadə etmək mümkün olmur. Dərdimizi kimə deyək, bilmirik. Prezidentin rayonumuzdakı nümayəndəsinə deyirik, o da pul istəyir”.
Gülarə Məmmədova 1989-cu ildə burada yaşayır. Deyir, təkcə, həyətləri su basması deyil problem. Həm də o sudan gələn qoxudur ki, evlərində iydən otura bilmirlər. Üstəlik, rütubətdir və nəvələri yel xəstəliyinə tutulublar:
“Həyətlər dizəcən su olur. Təzə təmir etdiyim evin döşəməsi çürüyüb, divarları kiflənib, qapqaradır. Evin dörd tərəfi suyun içində qalır. İydən durmaq olmur. Körpə uşaq saxlayıram, hamısı revmatizmadan əziyyət çəkir. Qaraj, zirzəmi, ev suyun içində olur. Bir aya problemimiz başlayacaq. Payız yağışları qapıdadır. Vallah, heç kim yaşamaz burada. Pulu olan satıb gedib. Biz edə bilmirik, çətindir. Bu qamışa, qurunt sularına bir əlac etsinlər. Nə vaxtacan yaşayış tərzimiz olmalıdır? Dövlətimizin bu boyda sərvəti var. 100-dən çox ailə bu zülmün içində yaşayırıq. Bəs bu sərvətdən bizə nə düşür? Kömək etsinlər də”.
Mübariz Həsənov deyir ki, qış-yay rütubətdən, böcək, sürünən, ilan, kərtənkələ, milçək, ağcaqanad, siçovul əlindən tərpənmək olmur:
“Uşaqları iynə-dərmandan ayıra bilmirik. Nə qədər olar? Çox şey istəmirik. İşçi lazım deyil. Bir motor versinlər özümüz çəkərik. Onu da etmirlər. Pulunu bizdən istəyirlər. Bizim pulumuz yoxdur, olsa burada niyə yaşayaq ki? Zirzəmisi suyun içində olan evlərdən, onun içində yaşayan insanlardan nə gözləmək olar? Hamımız xəstə düşmüşük”.
|