
2013-cü il aprelin 25-də Avropa, ABŞ və Çinin ən nüfuzlu mass-mediasının mənsubları da daxil olmaqla yüzlərlə jurnalist İraqın şimalındakı Qəndil dağında PKK terror təşkilatının rəhbərlərinin bəyanatını dinləmək üçün bir araya gəlmişdi. O zaman terrorçuların liderlərindən biri olan Murad Karayılan, terrorizmə görə məhkum edilmiş Abdulla Öcalanın təlimatına əsasən PKK silahlılarının Türkiyədən çıxarılması barədə açıq şəkildə bəyanat vermişdi. Məlum olduğu kimi, bu proses uğursuzluğa düçar oldu və nəticədə donduruldu.
On iki il sonra hadisələrin mərkəzi İstanbulun ürəyi olan Taksimə, lüks bir otelə köçdü. Bu dəfə kameralar qarşısında Ocalanın müraciəti oxundu.
O, "İmralı heyəti" vasitəsilə tərəfdarlarına təşkilatı tamamilə buraxmaq çağırışı ilə müraciət etdi. “Fövqəladə konqres keçirin və PKK təşkilatını buraxın!" ifadəsi onun bəyanatının əsas mesajı oldu.
"Kürd Fəhlə Partiyası" ("Partiya Karkeren Kurdistane", PKK) terror təşkilatının lideri, hazırda İmralı adasındakı həbsxanada ömürlük cəza çəkən Abdulla Öcalan gözlənilən bəyanatı verdi. O, öz təşkilatını silahları yerə qoymağa və terror aksiyaları ilə silaşlı müqavimətdən əl çəkməyə. Bu bəyanat, PKK terrorçuları ilə Türkiyə hakimiyyəti arasında uzun illər davam edən qarşıdurmada dönüş nöqtəsi ola bilər.
Abdulla Öcalanın PKK-ya yaxın olan Xalq Bərabərlik və Demokratiya Partiyasının (DEM) nümayəndəsi tərəfindən dünən oxunan müraciətində bu ifadələr yer aldı: "Mən PKK-nı qurultay çağırmağa və müasir siyasi partiyalar kimi dövlət və cəmiyyətə inteqrasiya olunmaq qərarını verməyə çağırıram. Bütün silahlı qruplar silahı yerə qoymalı, PKK isə özünü buraxmalıdır".
Zalda toplaşanlar arasında uzun illər anti-dövlət ritorikasını dəstəkləyən PKK tərəfdarları, yazıçılar və jurnalistlər də var idi.
Bu təşəbbüs Yaxın Şərqdəki ən mürəkkəb münaqişələrdən birinin həlli istiqamətində ilk addım olmaqla yanaşı, Türkiyə, Suriya və İraqın siyasi vəziyyətini dəyişdirərək bütün regiona təsir edə bilər.
"Sülh və demokratik cəmiyyətə çağırış" başlıqlı bu bəyanat həm kürd, həm də türk dillərində oxundu.
Müraciətdə bildirilirdi ki, min ildən çoxdur türklər və kürdlər birlikdə xarici işğalçılara qarşı mübarizə aparıblar (Öcalanın sosialist terminologiyasında bu, “hegemonist güclər” kimi qeyd edilib). “Lakin son 200 ildə kapitalist modernizmi bu ittifaqı məhv etməyə çalışıb”, – deyə o əlavə edib. Terrorçu PKK-nın yaradılmasını "kürd xalqının mübarizəsində mühüm mərhələ" adlandıran Öcalan, l"akin zamanın dəyişdiyini və müstəqil Kürdüstan, hətta muxtariyyət tələbinin artıq aktual olmadığını" bildirib. Onun fikrincə, "əsas prioritet Türkiyə Cümhuriyyəti çərçivəsində demokratiyanın və siyasi plüralizmin gücləndirilməsidir".
Mətbuat konfransı Van və Diyarbəkirdə, eləcə də Suriyanın şimalında kürd əhalisinin üstünlük təşkil etdiyi şəhərlərdəki böyük ekranlarda canlı yayımlandı.
Öcalanın çağırışında Suriya ilə bağlı heç bir konkret məqam qeyd olunmayıb və Türkiyədən hər hansı bir güzəşt tələb edilməyib.
Fəqət pərdəarxası razılaşmaların mövcudluğunu istisna etmək olmaz. Onlar açıq şəkildə ifadə olunmamış ola bilər ki, Türkiyədəki milli qüvvələr arasında narazılıq doğurmasın.
PKK terror təşkilatının lideri ilə görüş İstanbul yaxınlığında yerləşən İmralı həbsxana adasında baş tutdu. O, 1999-cu ildən bəri burada cəza çəkir. Görüşdən sonra uzun illərdən sonra ilk dəfə Öcalanın fotosu mediada yayımlandı və bu, geniş ictimai rezonans doğurdu. Şəkli Suriyanın şimalındakı PKK nəzarətində olan ərazilərdə fəaliyyət göstərən jurnalist Liza Şişko paylaşılmışdı.
2024-cü ilin oktyabr ayında Türkiyənin MHP sədri, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın müttəfiqi olan millət vəkili Devlət Baxçalı parlamentdə DEM (Xalq Bərabərlik və Demokratiya Partiyası) təmsilçiləri ilə görüşərək onlarla əl sıxdı. Ardınca o, ömürlük həbsə məhkum edilən Öcalanın parlamentdə çıxış edərək “terrorizmə son qoyduğunu və təşkilatını ləğv etdiyini” elan etməsini təklif etdi. Baxçalı, bunun baş tutacağı halda Öcalanın azadlığa buraxıla biləcəyini bildirdi.
Bu çağırış Türkiyənin siyasi dairələrində böyük sürpriz oldu, çünki milliyətçilər tarixən kürd separatçıları ilə istənilən güzəştin və terrorçu PKK ilə danışıqların əleyhinə çıxış ediblər.
Bundan qısa müddət sonra Öcalanın qohumlarından biri onunla görüşmək üçün İmralı həbsxanasına buraxıldı. Görüşdən sonra Öcalan terror təşkilatına silahlı mübarizəni dayandırmaq çağırışı etməyə hazır olduğunu bildirdi. Daha sonra kürd millət vəkilləri də həbsxanaya buraxıldı və onlar PKK ilə Türkiyə arasında vasitəçilik missiyasını icra etməyə başladılar. Onların verdiyi məlumata görə, Öcalan terror təşkilatının silahı yerə qoymasına və qarşılığında Türkiyədə siyasi islahatların həyata keçirilməsinə razıdır.
Xəbərlər hər kəs üçün gözlənilməz oldu və ciddi təəccüb yaratdı.
Bununla belə, əsas sual hələ də açıq qalır: PKK-nın bu addımı real təslim olmaq cəhdisidir, yoxsa növbəti strateji gedişdir?
Bütün bu proseslər peşəkarcasına təşkil edilsə də, unutmaq olmaz ki, PKK terror təşkilatı hələ də aktivdir və Türkiyənin təhlükəsizliyinə təhdid yaratmağa davam edir. Danışıqların getdiyi bir zamanda belə təşkilatın üzvlərinə aqrış antiterror tədbirləri, həbs və zərərsizləşdirmə əməliyyatları davam edir. Buna baxmayaraq, PKK tərəfdarları bu prosesi “sülh prosesi” kimi təqdim edərək ictimai rəyə təsir etməyə çalışırlar.
Kürd ekstremistlər arasında bu təşəbbüsə qarşı çıxanlar da var. PKK-nın digər liderlərindən biri olan Murad Karayılan açıq şəkildə bəyan etdi ki, Öcalan həbsdən azad edilmədiyi müddətdə təşkilat silahı yerə qoymayacaq. “Liderimiz hələ həbsdə olduğu bir vaxtda biz silahlarımızı yerə qoymayacağıq”, – deyə Karayılan vurğuladı.
PKK-nın Suriya qolu olan YPG-ni, PYD-ni və JPG-ni öz sıralarında birləşdirən "Suriya Demokratik Qüvvələri"nin (SDQ) rəhbərliyi isə Öcalanın çağırışını ehtiyatlı optimizmlə qarşıladı. SDQ-nin komandiri Məzlum Əbdi bildirib ki, bu bəyanatı gözləyirdilər və onun mahiyyətini müsbət qiymətləndirirlər. Amma o, vurğulayıb ki, bu çağırış yalnız PKK-ya aiddir və Suriyadakı vəziyyəti əhatə etmir.
Ciddi gərginlik hiss olunur: bir çoxları bu bəyanatdan sonra nə baş verəcəyini düşünür. PKK həqiqətən buraxılacaqmı? Təşkilat üzvlərinin aqibəti necə olacaq? Hələlik terror təşkilatının rəhbərliyi bu suallara aydın cavab verməyib. PKK-nın "böyük konqres" çağıracağı gözlənilir, lakin bu toplantının nəticələri qeyri-müəyyən olaraq qalır.
Yaşanan proseslər fonunda İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin hakimiyyətinin reaksiyası da maraq doğurur. Kürd muxtariyyətinin rəhbəri Nəçirvan Bərzani "Rudaw" media qrupunun təşkil etdiyi konfransda çıxış edərək bölgədə baş verən hadisələri yaxından izlədiklərini və PKK ilə bağlı konkret addımlar atmağa hazır olduqlarını bəyan edib. Bu, o deməkdir ki, hətta kürd siyasi elitası arasında da bölgədə sabitliyi pozan radikal qrupların neytrallaşdırılmasının vacibliyi başa düşülür.
Abdulla Öcalanın bəyanatı Türkiyə daxilində geniş siyasi müzakirələrə səbəb olub. Bu məsələnin təhlükəsizlik və siyasi sabitliyə təsirlərini müzakirə etmək üçün müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) təcili iclas çağırıb.
Siyasi ekspertlər hesab edirlər ki, bu addım PKK terror təşkilatı ilə Türkiyə hökuməti arasında yeni sülh prosesinin başlanğıcı ola bilər. Sonuncu dəfə analoji cəhd 2013-2015-ci illərdə edilmişdi, lakin zorakılığın artması səbəbindən proses pozulmuşdu.
Bu dəfə prosesin davamlı olub-olmayacağı, yoxsa əvvəlki kimi uğursuzluğa düçar olacağı hələlik qeyri-müəyyəndir. Lakin bir şey aydındır: Türkiyə terror təşkilatının hər hansı manipulyasiya cəhdlərinə qarşı ayıq-sayıqdır və milli təhlükəsizliyi risk altına atacaq istənilən ssenariyə qarşı adekvat tədbirlər görəcək.
PKK terror təşkilatı Türkiyə, ABŞ və Avropa İttifaqı ölkələri tərəfindən terrorçu struktur kimi tanınır və 1980-ci illərdən bəri kürd muxtariyyəti uğrunda silahlı mübarizə aparır. Əvvəlcə təşkilatın əsas məqsədi müstəqil kürd dövləti yaratmaq idi, lakin sonradan tələbləri yumşaldılaraq Türkiyədə kürdlərə daha geniş muxtariyyət hüquqlarının verilməsinə yönəldi. Onilliklər ərzində davam edən münaqişədə on minlərlə insan həlak olub.
PKK-nın 75 yaşlı lideri Abdulla Öcalan 1999-cu ildə Türkiyə xüsusi xidmət orqanları tərəfindən Keniyada yaxalanıb. O, Ankaranın təzyiqi altında Hafiz Əsəd rejiminin ona sığınacaq verməkdən imtina etməsindən sonra Suriyanı tərk etmək məcburiyyətində qalmışdı. O vaxtdan bəri həm Türkiyə dövləti, həm də kürd cəmiyyətləri müəyyən mövqe dəyişiklikləri etsələr də, bu, münaqişəni tamamilə həll etmək üçün kifayət etmədi.
PKK 1970-ci illərdə marksizm-leninizm ideologiyasına əsaslanan psevdoinqilabi qruplaşma kimi yaradıldı. Sonralar Öcalan amerikalı filosof Mürrey Bukçinin əsərlərindən ilhamlanaraq anarxizm və radikal sosializm ideyalarına üstünlük verməyə başladı.
Terrorçu PKK-nın əsas məqsədi Türkiyə ərazisində "müstəqil kürd dövləti" yaratmaq idi. Lakin təşkilat təkcə Ankara tərəfindən deyil, həm də ABŞ, Böyük Britaniya və bir sıra Avropa dövlətləri tərəfindən terrorçu qruplaşma kimi tanındı. PKK-nın fəaliyyətinin nəticəsi olaraq 40 mindən çox insan həlak olub. Türkiyənin əsasən kürdlər yaşayan bölgələri isə ölkənin ən yoxsul regionları olaraq qalır.
2005-ci ildə baş nazir vəzifəsinə yeni seçilən Rəcəb Tayyib Ərdoğan kürd məsələsində yeni səhifə açdı. O, kürd əhalisinin üstünlük təşkil etdiyi Diyarbəkirdə çıxış edərək problemləri danışıqlar və müzakirələr yolu ilə çözməyə çağırdı.
Kürd icmaları bu çıxışı müsbət qarşıladı və qısa müddət sonra bir çox məhdudiyyətlər aradan qaldırıldı. Ərdoğanın hakimiyyəti dövründə universitetlərdə kürd dili fakültələri açıldı, kürd dilində yayımlanan media orqanları fəaliyyətə başladı.
Zaman keçdikcə terrorçu PKK-nın mövqeyi də dəyişdi. Öcalan və tərəfdarları tam müstəqillik ideyasından imtina edərək, mədəni muxtariyyət və Türkiyə Cümhuriyyətinin “demokratik transformasiyası” konsepsiyasına üstünlük verməyə başladılar.
Fəqət tam barışıq heç vaxt əldə olunmadı. 2009-2011-ci illərdə Oslo şəhərində Türkiyə ilə PKK nümayəndələri arasında danışıqlar aparıldı, lakin bu danışıqlar yenidən zorakılığın artması səbəbindən uğursuz oldu.
2013-cü ildə Öcalan PKK-nın atəşkəs elan etdiyini açıqladı və tərəflər bir daha danışıqlar masasına əyləşdi. Bu danışıqların nəticəsində “Dolmabahçe konsensusu” kimi tanınan prinsiplər formalaşdırıldı. 2015-ci ildə Öcalan silahlı mübarizədən imtina etmək çağırışı ilə çıxış etdi. Lakin gözlənilmədən Ərdoğan danışıqlardan geri çəkildi. Diplomatik səylərin uğursuzluğu yeni qarşıdurmalara səbəb oldu.
Terrorçu PKK-nın hazırkı liderləri Cemil Bayık və Murad Karayılanın Öcalanın çağırışına əməl edib-etməyəcəyi qeyri-müəyyən olaraq qalır. Onların silahı yerə qoymaqdan imtina etməsi təşkilat daxilində daxili böhrana və kürd silahlı qruplaşmaları arasında daha dərin parçalanmaya səbəb ola bilər.
Keçmiş təcrübələr göstərir ki, PKK terror təşkilatı danışıqlar proseslərindən dəfələrlə öz mövqelərini gücləndirmək və yenidən təşkilatlanmaq üçün istifadə edib. Türkiyə dövləti isə bu ssenarinin təkrar olunmasına imkan verməyəcəyini açıq şəkildə bəyan edib. Prezident Rəcəb Tayyib Ərdoğan dəfələrlə vurğulayıb ki, Türkiyə terror təhdidinə qarşı bütün mümkün vasitələrlə mübarizə aparacaq.
2013-cü ildə başlanmış və daha sonra dayandırılmış prosesin yenidən bərpa olunduğu görünür. Əsas sual açıq qalır: bu, həqiqətən də PKK-nın terror fəaliyyətinə son qoymaq cəhdisidirmi, yoxsa təşkilatın zamana oynamaq və yenidən güclənmək üçün atdığı növbəti addımdır? Hər bir halda, Türkiyə bu prosesə ehtiyatla yanaşır və milli təhlükəsizliyə yönələn ən kiçik təhdidə qarşı dərhal tədbirlər görməyə hazırdır.
Keçmiş danışıqlardan fərqli olaraq, bu dəfə hökumət tərəfdarları və PKK ilə dialoq aparan siyasi qüvvələr bu prosesi yalnız “terrorizmin sonu” kimi xarakterizə edirlər. Yəni, söhbət yalnız PKK-nın birtərəfli şəkildə tərksilah olunmasından gedir və qarşılıqlı güzəştlər müzakirə predmeti deyil. Öcalanın çağırışına cavab olaraq, Türkiyə dövlətinin hansısa konkret güzəştlərə gedəcəyi barədə açıq bəyanatlar səslənmir.
PKK-nın Ankara ilə mümkün barışığı bütün bölgə üçün ciddi geosiyasi dəyişikliklərə səbəb ola bilər.
Suriyanın şimal-şərqində PKK-nın Suriyadakı qolu olan YPG-nin əsas qüvvəsini təşkil etdiyi "Suriya Demokratik Qüvvələri" (SDQ) geniş ərazilərə nəzarət edir. Terrorçu PKK ilə olan sıx əlaqələri səbəbindən Türkiyə bu bölgədə onların nəzarətini qəbuledilməz hesab edir və bu terrorçu elementlərə qarşı dəfələrlə hərbi əməliyyatlar həyata keçirib.
Bundan əlavə, Suriyadakı hakimiyyət - həm sabiq Bəşər Əsəd rejimi, həm də Dəməşqdəki yeni hökumət – heç vaxt kürdlərə muxtariyyət verməyə hazır olmayıb.
Hazırda Türkiyə ordusu Suriyanın şimalında ərazilərə nəzarət etsə də, genişmiqyaslı münaqişənin qarşısını orada yerləşdirilmiş ABŞ hərbi qüvvələri alır. ABŞ Suriya Demokratik Qüvvələrinin əsas müttəfiqidir və onları İŞİD-lə mübarizədə dəstəkləyir. Eyni zamanda, Rusiya hərbi polisi də bu bölgədə nəzarət məntəqələrinə malik idi, lakin keçən ilin dekabrında Əsədin devrilməsindən sonra həmin məntəqələri tərk etdi.
Türkiyənin xarici işlər naziri bəyan edib ki, PKK-nın bölgədəki mövcudluğu ləğv ediləcəyi təqdirdə, Türkiyə Suriyanın şimal-şərqindəki hərbi mövcudluğunu yenidən nəzərdən keçirə bilər.
Əgər PKK silahı yerə qoyarsa, bu, Suriyanın şimal-şərqindəki müxtəlif kürd qrupları arasında yaxınlaşmanı sürətləndirə bilər və bəlkə də Dəməşqlə müəyyən bir razılaşmanın əldə olunmasına töhfə verər.
Geosiyasi prosesin mühüm bir hissəsi də İraqın Kürdüstan Muxtariyyətidir. Bu regionun rəhbərliyi Ankara ilə münasibətləri normallaşdırıb və Türkiyə ordusu mütəmadi olaraq PKK-nın Şimali İraqın dağlıq bölgələrindəki bazalarına qarşı hərbi əməliyyatlar həyata keçirir.
Fevral ayında DEM Partiyasının nümayəndə heyəti İraq Kürdüstanına səfər edərək, Kürdüstan Demokratik Partiyasının lideri Məsud Bərzani ilə görüşüb. Onun qardaşı regionun prezidenti, oğlu isə baş nazirdir. Kürd nümayəndələri Öcalanın mesajını Bərzaniyə çatdırıblar. Bərzani sülh prosesinə dəstək verdiyini və bu məsələdə kömək etməyə hazır olduğunu bildirib.
Prosesin uğurla nəticələnib-nəticələnməyəcəyi hələ də sual altındadır.
İstənilən halda Türkiyə terrorçu PKK-nın hər hansı yeni manipulyasiya cəhdlərinə göz yummayacaq və regionda təhlükəsizliyini təmin etmək üçün qətiyyətli addımlar atmağa davam edəcək.
Elçin Alıoğlu - TREND