
Vəkillər Kollegiyası son günlər İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV kanalı) efirində yayımlanan “Əqrəb mövsümü” (“İki dünya bir olsa da”) serialında vəkillik peşəsinə qarşı kəskin ifadələr, hətta kobud sözlər işlədildiyini açıqlayıb.
Qurum serialın film personajının dili ilə vəkillik peşəsinə dair bəzi xoşagəlməz ifadələrin işlədildiyini irəli sürüb.
Bildirilib ki, sözügedən ifadələrin işlədilməsi cəmiyyətdə vəkillik peşəsinə, həmçinin Vəkillər Kollegiyasının nüfuzuna təsirsiz ötüşməyərək, vəkillərə qarşı mənfi fikir formalaşmasına xidmət etmək gücündədir.
Qeyd olunub ki, İTV kanalının məlum serialında vəkillik peşəsinə qarşı səslənən fikirləri hər hansı bir maneə olmadan efirə verməsi “Media haqqında” Azərbaycan Respublikasının Qanunun 14.1-ci, 39.1.3-cü maddələrinin tələblərinin pozulması deməkdir.
Qaldırılan məsələ ilə bağlı Audiovizual Şuranın mövqeyini öyrənmək üçün quruma sorğu ünvanladıq.
Şuradan TNS-ə bildirildi ki, məsələ araşdırılır: “Hazırda bu məsələ ilə bağlı araşdırma aparılır. Aparılan monitorinqin nəticəsi təhlil olunur. Nəticə ilə bağlı məlumat veriləcək”.