
“Avropa heç kimə Ukraynanın demilitarizasiyası ilə bağlı danışıqlar aparmağına imkan verməyəcək”.
“Report” xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts bildirib.
Siyasətçi Ukrayna ilə bağlı ABŞ ilə Rusiya arasında müqavilələrin bağlanması ehtimalına qarşı çıxıb: “Biz avropalılar buna imkan verməyəcəyik. Biz həmçinin Ukraynanın demilitarizasiyası ilə bağlı heç kimin razılığa gəlməsinə imkan verməyəcəyik. Ukraynaya güclü ordu lazımdır”.
ABŞ-nin Avropanın münaqişənin həlli üçün danışıqlar masasında fiziki olaraq iştirak etməyəcəyi ilə bağlı bəyanatına reaksiya verən Şolts deyib: “Bunu bizsiz etmək mümkün deyil. Əlbəttə, bizim deməyə sözümüz var”.
Eyni zamanda, Almaniya hökumətinin başçısı avropalıların səsvermə hüququna malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, Avropanın iştirakı olmadan heç bir təhlükəsizlik zəmanəti olmayacaq.
Bundan əvvəl ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Avropanın danışıqlar masasında fiziki olaraq iştirak etməyəcəyini bildirib. Onun sözlərinə görə, hazırda sülh danışıqlarına ikivektorlu yanaşma qüvvədədir.