
Xəbər verdiyimiz kimi, fevral ayının 16-da Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirib. İmtahan zamanı 1 nəfərdə qanunla istifadəsi və satışı qadağan olunan mini kameralı eynək, xüsusi ötürücü qurğu və qulaqlıq aşkar olunub. Qeydə alınan hallar protokollaşdırılaraq həmin şəxslər imtahandan xaric olunublar.
Şəxsi məxfiliyi pozmaq və gizli müşahidə aparmaq məqsədilə hazırlanan mini kameralı eynəklərin istifadəsi qanunla qadağandır.
Sual yaranır ki, əgər istifadəsi və satışı qadağandırsa, bu cür məhsullar ölkədə necə peyda olur? Bu məhsullar gömrükdən necə keçirilir?
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, bu tip texniki vasitələrin ölkəyə gətirilməsi üçün xüsusi icazə sənədi olmalıdır:
“Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin ölkə ərazisinə gətirilməsi üçün xüsusi icazənin verilməsi qaydaları və xüsusi icazəni verən mərkəzi icra hakimiyyəti orqanlarının siyahısı “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli 292 nömrəli Fərmanı ilə tənzimlənir.
Fərmana əsasən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin xüsusi icazə sənədi təqdim olunmadıqda ölkə ərazisinə gətirilməsinə yol verilmir”.
Bizim.Media