
Bu gün Qaradağlı faciəsindən 33 il ötür.
"DİA-AZ"ın məlumatına görə, Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında yerləşən kənd 17 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.
Hadisə zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər isə güllələnib. Ermənilər yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək üstünü torpaqlayıblar. Ümumilikdə əsir və girov götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri isə azad edilib. Girov götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Azad olunanların 5 nəfəri qadın olmaqla 18-i aldıqları sağalmaz yaralardan sonralar vəfat edib.
Həyata keçirilən soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə başçısını itirib, 146 uşaq yetim qalıb. Ermənistan silahlı qüvvələrinin həmlələri zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəbyaşlı uşaq olub. Ümumən 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. 200 yaşayış evi, 800-dək sakini olan kənd erməni vəhşiliyinin, qəddarlığın dəhşətli qurbanına çevrilib.
Sözügedən qətliam 1992-ci ildə baş versə də, kəndə hücumlar 1989-cu ildən etibarən başlamışdı. 1989-cu ildən etibarən kənd üzərinə ermənilərin hücumları baş verirdi. Həmin ilin dekabrında ermənilər kənd yaxınlığındakı fermaya hücum etmiş və oranı yandırmışdılar. 1990-cı il yanvarın 15-də 20 nəfərə qədər silahlı erməni Qaradağlıya yaxınlaşıb kəndin kənarındakı evləri atəşə tutmuşdular.
Habelə həmin il noyabrın 24-də saat 17 radələrində Qaradağlıdan Ağdama gəlin aparan maşın karvanını rus hərbi paltarı geymiş ermənilərin təcavüzünə məruz qalmış, hadisədə 3 nəfər qaradağlılı həlak olmuşdu. Ermənilər hadisə yerini mühasirəyə alaraq meyidləri aparmağa gələnləri irəli buraxmır, Prezident Ayaz Mütəllibovun gəlməsini tələb edirdilər. İki saatdan sonra çətinliklə də olsa, camaat meyidləri ermənilərin əlindən ala bilmişdi. Bu hadisədən sonra Qaradağlı müdafiəçiləri kəndin ətrafında güclü müdafiə postları, istehkamlar və səngərlər qurmaq qərarına gəldilər.
Qeyd olunmalıdır ki, həmin hadisədən sonra kənd ətrafında ümumilikdə 5, Xankəndidən gələn yolda isə 3 post qurulmuşdu.
1991-ci ilin yanvarın 10-da baş verən hadisə vəziyyəti daha da gərginləşdirdi. Belə ki, yanvarın 10-da kənd sakini Sultan Bayramov ermənilərə qarşı birgə mübarizə tədbirləri hazırlamaq üçün qonşu Əmrallar kəndinə getmişdi. O, geri qayıdarkən avtomobili ermənilər tərəfindən atəsə tutulur və o, həlak olur. S.Bayramovun dəfn günü jurnalist Salatın Əsgərovanın öldürülməsi kəndəki gərginliyi daha da artırdı.
Bundan qəzəblənən sakinlər əməliyyat planı hazırladılar. Plana Ədalət Məmmədov rəhbərlik edirdi. Şəhərin giriş-çıxışına nəzarət edən kənd sakinləri 6 ermənini məhv etdi. Sakinlər qənimət olaraq silah-sursat ələ keçirməyə nail oldular. Bununla belə erməni dəstələrinin kənd sakinlərinə qarşı amansızlıqları davam edirdi. 1991-ci ilin martından isə hücumalar silsilə xaraketi almağa başladı. Kəndə edilən müxtəlif basqınlarda azyaşlı və qocalar amansızlıqla qətlə yetirilirdi. Kəndin 5 kilometrliyində yerləşən fermaya hücum nəticəsində 6 nəfər öldürən erməni dəstələri iz itirmək üçün cəsədləri evlərin birində yandırmışdı. Kömək üçün hadisə yerinə gələn gələn kənd sakinləri isə pusquda dayanan silahlı birləşmələr tərəfindən atəşə məruz qalmış və şəhid edilmişdilər.
Kəndə edilən hücumların ən dəhşətlisi və sonuncusu isə 17 fevral 1992-ci il, səhər saat 5 radələrində baş verdi. 11 saat davam edilən döyüşlərin nəticəsində kənd işğal olundu. Kənd işğal edildikdən sonra əsir götürülənlərin bir qismi elə kəndin ətrafındaca qətlə yetirildi, bir qismi isə Xankəndi həbsxanasında işğəncə verilərək öldürüldü. Yüzlərlə kənd sakini məcburi köçkün oldu.
İşğal dövründə sözügedən qətliamın dünya miqyasında tanıdılması üçün Azərbaycan hökuməti tərəfindən davamlı işlər aparılmışdı. Rəsmi Bakı diplomatik səviyyədə Qaradağlı faciəsini beynəlxalq ictimayyətə çatdırmaq üçün müxtəlif beynəlxalq təşkilatlarda müntəzəm olaraq çıxışlar edirdi. Məsələn, 2000-ci illərin əvvəllərində Azərbaycan nümayəndələri BMT-nin İnsan Haqları Şurası və ATƏT-in müxtəlif iclaslarında Qarabağ münaqişəsi və xüsusən Qaradağlı faciəsinin törədilməsini gündəmə gətirdilər. Bu zaman həm də münaqişə zamanı erməni hərbçilərinin törətdiyi cinayətlər və Qaradağlıda baş verənlər barədə məlumatlar təqdim olundu.
2000-ci illərdə Azərbaycan Prezidenti İlham Əliyev və həmin dövrdəki xarici işlər naziri Elmar Məmmədyarov Qaradağlı faciəsinin beynəlxalq hüquqi baxımdan qiymətləndirilməsi və dünya ictimaiyyətinə tanıdılması məqsədilə bir neçə dəfə müraciətlər ediblər.
Bundan başqa, "Qaradağlı: Faciə və Həqiqət", "Qaradağlı: Xatirələr", "Dağlıq Qarabağ: Qaradağlı faciəsi" kitablarında bəhs olunan faktlar baş verənlərin həm ölkə, həm də beynəlxalq miqyasda tanıdılmasına kömək etmişdi.
Azərbaycanın diaspor təşkilatları da sözügedən məsələdə yaxından iştirak etmişdilər. Belə ki, onların təşkilatçılığı ilə "Qaradağlı - Xatirə və Təhlükə" adlı sərgi Avropanın bir neçə şəhərində təşkil olunmuş, burada münaqişə dövründə baş vermiş hadisələr sənədli şəkildə sərgi iştirakçılarına göstərilmişdi.
Ancaq təəssüflər olsun ki, Azərbaycanın haqq səsinə illərdir diqqətə alan olmadı. Tarixi ədalət isə 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra bərpa olundu. Belə ki, İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qaradağlı kəndi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçib.
19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan Qaradağlı üzərində suverenliyini bərpa etməyi bacardı.