FƏRHAD VƏ RAFİQ ƏLİYEVLƏR MƏTBUATDAN QAÇIR?
Tarix: 22-10-2013, 10:28 |
Çap et
SƏBƏBİ BƏLLİ OLDU: FƏRHAD ƏLİYEV SAĞLIQ DURUMUNUN QEYDİNƏ QALIR
DİA.AZ: - Sonuncu əfv fərmanı ilə azadlığa çıxan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin və qardaşı, «Azpetrol» Neft Şirkətinin sabiq prezidenti Rafiq Əliyevin mətbuatdan uzaq durmalarının səbəbləri var imiş. Bu barədə DİA.AZ-a Əliyev qardaşlarına yaxın olan şəxslərdən biri məlumat verib.
Mötəbərliliyinə şübhə etmədiyimiz mənbə bildirir ki, həm Fərhad Əliyevin və həm də qardaşı Rafiq Əliyevin 8 illik məhbəs həyatından sonra sözün bütün mənalarında toparlanmalarına ciddi ehtiyacları var. Mənbənin sözlərinə görə, hələ həbsdə olarkən Fərhad Əliyvein səhhətindəki problemlər ciddiləşmişdi və bu gün o, azadlıqda olduğundan ilk növbədə sağlıq durumunun qeydinə qalmaq zorundadır.
Mənbənin söylədikləri: «Fərhad Əliyev həbsindən əvvəl Almaniyada müayinə olunub. O zaman bəlli olub ki, ürəyində işemiya və sol mədəciyində şişmə var. Bundan başqa, xroniki qan təzyiqi xəstəliyi var. Onu məlum xəstəliklə bağlı həbsxanada olarkən Penitensiar Xidmətin Baş Tibb İdarəsində də müayinə etmişdilər. Doğrudur, orada müvafiq qaydada sağlamlığının qayğısına qala bilməmişdi, amma səhhəti nəzarət altına alınmışdı».
İndi keçmiş nazirin əlinə düşən fürsətdən sağlıq durumunun qeydinə qalması baxımından istifadə edəcəyini bildirən mənbəmiz onu da əlavə etdi ki, yaxın günlərdə hər iki qardaş mətbuata qapılarını açacaqlar: «Sadəcə, jurnalistlərdən səbirli olmağı xahiş edirlər».