Çörəyin qiymətindəki son bahalaşma əhali tərəfindən narazılıq və etirazla qarşılanıb. Bakı sakini A. Quliyeva Pressklub.az-ın əməkdaşı ilə söhbətində deyib ki, qiymət artımı ədalətli deyil. Aşağı qiymətə olan çörəklər ümumiyyətlə satışda yoxdur. İnsanların seçim haqqı əllərindən alınıb və çörəyin bahasını almağa məcbur edilirlər: “ Əvvəl 50-55 qəpiyə aldığım çörəklər indi yoxa çıxıb. Demişdilər, guya 50 qəpiklik çörək 55, 55 qəpiklik çörək isə 65 qəpik olacaq. Yaxşı, 50 qəpiklik çörəyin niyə olmamasını anladım. Bəs 55 qəpiklik çörək hanı? Günə 2-3 çörək alan böyük, amma kasıb ailəyik. 7 nəfərlik ailədə cəmi bir nəfər işləyir. Günə 65 qəpikdən 3 çörək alsaq, aya 58-60 manat arası pul edir. İndi neyləyək? Ac qalaq? Görün, camaat nə vəziyyətə çatıb. Alacağımız çörəyi belə seçə bilmirik. Dəhşətdir”.
Bir neçə gün öncə "Nur çörəyi" zavodundan mətbuata bildirilib ki, fevralın 1-dən çörəyin qiyməti 5 qəpik artırılacaq: "Amma yalnız qiymət deyil, eyni zamanda çörəyin çəkisi də artacaq. Çünki çəki az olanda çörək tez qurumuş olur. Ona görə də məcburuq çəkini artıraq. Çəkini artırırıqsa, avtomatik qiymətə təsir edir. Bazarda qiymət çəkiyə görə tənzimlənir. Ona görə də fevralın 1-dən 50 qəpiklik çörək 55, 55 qəpik olan çörəklər 65 qəpiyə satılacaq. Çəki bundan əvvəl 440-450 qram idi, bundan sonra 500 qram olacaq. 55 qəpiklik çörəyin çəkisi isə 510 qram idi, bundan sonra 620 qram olacaq. Belə olduqda çörəkdə quruma da az olacaq", - deyə zavoddan bildirilib.
Bundan əlavə, çörək istehsal edən tanınmış şirkətlərdən biri mətbuata yeni çeşiddə məhsulu istehsala buraxacaqlarını deyib. Belə ki, marketlərdə 55 qəpiyə satılan 510 qramlıq zavod çörəyi ilə yanaşı, fevral ayının 1-dən etibarən yeni çəkidə, yeni qiymətə - 65 qəpiyə 620 qramlıq zavod çörəyi ikinci çeşid kimi tədarük olunacaqmış.
Məlumatı dəqiqləşdirmək üçün mağazalardan birinə yollandıq. Çörək bölməsini tapıb, piştaxtadakı qiymətlərə nəzər salanda gördük ki, reallıq iddiaların əksini göstərir. Müsahibimizin də dediyi kimi, mağazalardakı çörəklərin qiyməti elə 65 qəpikdən başlayır. Yəni ortada yeni çeşid yoxdur. Sadəcə, mövcud çeşidin çəkisi və qiyməti bir qədər qaldırılıb. Ona görə də 55 qəpiklik çörəklər qeybə çəkilib. Özü də 65 qəpiklik çörəyin həcmi 620 yox, 614 qramdır.
Vaxtilə çörəyin bahalaşmasını un və taxılın qiymətinin artımı ilə əlaqələndirirdilər. Amma indiki artım üçün keçərli bir səbəb tapılmır. Təkcə çörəyin qurumasına görə bu cür artım edilməsi real görünmür. Amma bütün bunlardan əlavə, insanların seçim haqqı əllərindən alınmamalıdır. İstəyən 55 qəpiyə 510 qramlıq, istəyən də 65 qəpiyə 620 qramlıq çörək ala bilməlidir.
Görək, bu bahalaşmanın altında yatan əsas səbəb nədir? Və mağazalarda niyə 55 qəpiklik zavod çörəyi tapmaq olmur? Çörəyin çəkisi nə vaxta qədər 620 qr olacaq? Yenidən aşağı salınmayacaqmı?
Suallarımıza cavab tapmaq üçün “Nur çörəyi” zavoduna müraciət etsək də, cavab ala bilmədik.
Yeri gəlmişkən, xatırlayırsınızsa, vaxtilə taxıl və un qıtlığına görə taxılın qiyməti 70 qəpiyə qaldırılıb sonra 55 qəpiyə salınanda heç elan etməmişdilər ki, 55 qəpiyə 510 qramlıq çörək istehsal edirlər. Sadəcə çörəyin ucuzlaşdığını demişdilər. Halbuki həcmi də 620 qramdan 510 qrama düşmüşdü. İnsanlar da qiymət ucuzlaşıb deyə sevinirdi.
Maraqlıdır, çörəyin bahalaşması digər sahələrdə də bahalaşmaya səbəb olacaqmı? Axı bizdə çörək və yanacaq həmişə bahalaşmaya təsir edir. Və çörəyin qiymətində dəyişiklik ola bilərmi?
Mövzu ilə bağlı Pressklub.az-a danışan iqtisadçı ekspert, REAL partiyasının sədri Natiq Cəfərli deyib ki, Azərbaycanda çörəyin qiymətini dövlət tənzimləmir. Ona görə də qiymət artımına dövlət tərəfindən müdaxilə olunması çətin prosesdir.
Müsahibimiz hesab edir ki, bu sahədə rəqabətli mühit yaranmalıdır. Bu zaman qiymətlər də süni şəkildə artmaz. Azərbaycanda bununla bağlı spesifik problemlər də var. Un istehsalı üçün taxılın 70-74 faizi xaricdən - Qazaxıstandan, Rusiyadan və s. alınır. Taxılın qiymətində istənilən dəyişikliklər, artım yönündə addımlar Azərbaycan daxilində unun və çörəyin qiymətlərinə təsir göstərir.
Ekspert deyib ki, qiymət artımı zamanı əhalini də nəzərə almaq lazımdır. Və ola bilər ki, bazarda çörək istehsal edən böyük zavodların çörək satışında azalmalar olarsa, o zaman qiyməti azalda bilərlər.
Həmsöhbətimiz digər sahələrdəki inflyasiya ehtimalına da toxunub: “Azərbaycan özünü bir çox məhsullarla təmin edə bilmədiyinə və xarici bazarlara üz tutduğuna görə bir çox sahədə bahalaşma gedir. Hətta Mərkəzi Bankın rəsmi rəqəmləri bu il inflyasiyanın keçən ilə nisbətən artacağından xəbər verir”.