Rusiyanın qaçacaq yeri... YOXDUR! - HƏQİQƏTƏN DƏ...
Bakı-Qroznı reysi ilə hərəkət edən sərnişin təyyarəsinin qəzaya uğramasına görə Rusiya Prezidentinin üzr üstəməsinə baxmayaraq, məsələyə lazımi yekun hüquqi qiymət verilməyib.
Rusiya tərəfi müxtəlif bəhanələrlə sərnişin təyyarəsinin vurulması faktını etiraf etməkdən yayınır. Halbuki, baş vermiş cinayət əməlinə görə zərərçəkən tərəf kimi Azərbaycana maddi təzminat ödənilməli, hava gəmisinə atəş açan və onu qəzaya yönləndirən şəxslər məsuliyyətə cəlb edilməlidir. Bu, yalnız Azərbaycanın tələbi deyil, həm də Rusiyanın özünün də qoşulduğu beynəlxalq konvensiyalardan irəli gələn hüquqi öhdəlikdir.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə də Rusiyanın günahını etiraf etməsinin vacibliyini və vaxtında üzr istəməli olduğunu deyib. Dövlət başçısının israrlı və qətiyyətli tələbindən sonra Rusiyanın hüquq-mühafizə orqanları artıq ilkin istintaq hərəkətlərinə və bu hadisəyə görə məsul olan şəxslərin dindirilməsinə başlayıb.
Prezident İlham Əliyev Azərbaycan təyyarəsinin təsadüfən də olsa yerdən açılan atəş nəticəsində zədələndiyini və sərnişinlərin təhlükəsiz xilası üçün hər hansı tədbir görülmədiyini deyib:
“Təbii olaraq ilkin versiyalar üzərində iş başladı. Əlbəttə, son versiya “qara qutu”lar açılandan sonra bəlli olacaq. Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir.
Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir və dərhal, elə həmin gün bizim heyətimiz Aktau şəhərində artıq o videomaterialları təşkil edəndə ictimaiyyət də bu məsələ ilə məlumatlandırıldı. Füzelyajın dəlik-deşik olması, əlbəttə, göstərir ki, bilmirəm, ilkin olaraq kimin tərəfindən atılmış quş versiyası tamamilə gündəlikdən çıxarıldı. Ola bilər ki, təyyarə zədə alanda, zərbə alanda pilot bunu quşların təyyarə ilə toqquşması kimi qəbul edə bilərdi. Çünki yəqin ki, heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın.
Ancaq təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz.
Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik”.
Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycanın sərnişin təyyarəsinə qarşı humanitar terror baş verib. Bu baxımdan, dövlət başçısının prinsipial mövqeyi cinayətin üstünün açılmasında və ona real hüquqi qiymət verilməsində mühüm rol oynaya bilər:
“Azərbaycana məxsus sərnişin təyyarəsi Qroznı şəhərinin səmasında, Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Bu hadisəyə görə də Rusiya tərəfi hüquqi məsuliyyət daşıyır. Cənab Prezident də qeyd etdi ki, Azərbaycanın şərtləri yerinə yetirilməlidir. Təyyarəyə Rusiya səmasında atəş açıldığı üçün Prezident Putin üzr istəyib. Amma təyyarənin vurulmasına səbəb olanlar, onu yaxınlqıdakı hava limanlarına deyil, Xəzər dənizi istiqamətinə yönəldənlər müəyyənləşməlidir.
Bütün bu məsələlərə çox güman ki, təyyarənin “qara qutu”su Braziliyada oxunduqdan sonra aydınlıq gətiriləcək. Amma cənab Prezidentin məsələyə obyektiv yanaşması, prinsipial mövqeyi, Rusiyadan izahat tələb etməsi, təyyarəyə atəş açanların və qəzaya səbəb olanların cəzalandırılmasını tələb etməsi çox mühüm əhəmiyyətli addımlardır".
O bildirib ki, Rusiya Azərbaycana kompensasiya da ödəməlidir:
"Hələlik rəsmi Moskva məsuliyyətdən yayınmağa çalışsa da, Putin təyyarənin Rusiya səmasında kənar fiziki müdaxiləyə məruz qaldığını etiraf edib. Prezident də qeyd etdi ki, təyyarənin quş sürüsü ilə toqquşması nəticəsində qəzaya uğraması barədə deyilənlər cəfəng iddialar idi. İnsanların bilərəkdən ölümə göndərilməsi, təyyarənin dənizə yönləndirilməsi terrorun bir növüdür.
Hesab edirəm ki, Azərbaycan Rusiyaya nota verməlidir. Fikrimcə, bu hadisənin arxasında siyasi məqsəd var. Təyyarəyə atəş açan “Pansir” sistemi Çeçenistan ərazisindən çıxarıldı. Cənab Prezident də bu səbəbdən Rusiyaya sərt mesajlar verdi”.