Rusiya bu dəfə bacarmadı... - Çünki qarşısında güclü və qüdrətli dövlət var...
İlin sonunda, iki böyük bayram ərəfəsində Azərbaycan çox ağır sınaqla üzləşdi. Azərbaycan təyyarəsi Rusiya səmasında vurularaq, qəzaya uğradıldı.
Günlərdir, bu hadisə ölkənin, eyni zamanda dünyanın əsas gündəm mövzusudur. Rusiya tərəfinin təyyarəmizi “səhvən” vurması, nəqliyyat vasitəsinin ölkədəki hava limanlarına enişinə icazə verilməməsi, dənizə düşməsinə məcbur edilməsi, bu yolla bütün izlərin itirilməsinə nail olacaqlarını planlaşdırması, Azərbaycanın qəhrəman pilotlarının bu oyunu pozması, Rusiya Prezidenti Vladimir Putinin ilk dəfə üzr istəmək məcburiyyətində qalması...
Hadisədən hamımız sarsıldıq. Yüz illərdir, Azərbaycanın ən böyük bəlalarının, faciələrinin səbəbkarı olan Rusiya yenə də törətdiyi cinayətini ört-basdır etmək üçün müxtəlif yollara əl atdı. Amma bu dəfə alınmadı. Çünki artıq Rusiyanın qarşısında zəif, aciz bir ölkə yox, QÜDRƏTLİ, GÜCLÜ, MÜSTƏQİL Azərbaycan və onun milli maraqlarını hər şeydən üstün tutan LİDERi var.
Azərbaycan Prezidenti dövlət televiziyasına müsahibəsində diplomatiyanın imkan verdiyi çərçivədə qarşı tərəfə mesajını açıq və sərt şəkildə verdi. Dövlətimizin başçısı hadisənin tam araşdırılması, həqiqətin üzə çıxarılması məsələsində heç bir güzəştə gedilməyəcəyini vurğuladı.
Bu, həm də Azərbaycan Prezidenti İlham Əliyevin daim dövlət maraqlarına uyğun qərarlar verməsinə, tam müstəqil siyasət yürütməsinə, dövlətimizin heç bir tərəfdən asılı olmamasına şübhə ilə yanaşanlara bir cavab oldu.
Prezident bir daha sübut etdi ki, Azərbaycan tam müstəqil siyasət aparır, heç bir dövlətin və ya gücün təsirində deyil. Eyni zamanda o da bir daha təsdiqləndi ki, bu dövlət hər bir vətəndaşına sahib çıxır. Bunun örnəyini daha əvvəl çox görmüşük. Ramil Səfərovun Azərbaycana qaytarılması, Mübariz İbrahimovun nəşinin ölümündən aylar sonra geri alınıb, Bakıda dəfn olunması, Dilqəm Əsgərovla Şahbaz Quliyevin girovluqdan, neçə-neçə hərbçimizin əsirlikdən azad edilməsi uzaq tarixlərdə baş verməyib.
Xalqımıza qarşı misilsiz cinayətlər törətmiş araiklərin, vardanların, digər separatçıların gizləndikləri deşiklərdən çıxarılaraq, Bakıya gətirilmələri, burada hakim qarşısına çıxarılmaları da o cümlədən...
Dövlətimiz bu dəfə də günahsız yerə qurban gedən soydaşlarımızın ölümünə səbəb olanların üzə çıxarılmasına, layiqli cəza almasına nail olacaq. Bundan tam əminik. Doğrudur, gedən canlar geri qayıtmayacaq. Amma heç olmasa, cinayətkarların cəzalandırılması, ədalətin qalib gəlməsi bizə təskinlik verəcək.
Gülşən Hacıyeva tns.az