Zaminlik elə kredit götürmək kimi bir şeydir... - ODUR Kİ...
Banklardan kredit götürən insanların sayı kifayət qədərdir və onlar da kredit götürərkən əksər hallarda zamin göstərməlidirlər.
Ancaq bəzən bu sahədə müəyyən problemlər özünü göstərir. Belə ki, zamin duran şəxs müqavilə sənədini oxumadan imzalayır və bu da sonradan onun üçün müəyyən problemlər yaradır. Bəzən elə hallar olur ki, kredit götürən şəxs dəfələrlə kredit götürərkən həmin zamin şəxsin adından yenə də istifadə edir. Maraqlıdır, şəxsin xəbəri olmadan onun yenidən zamin kimi göstərilməsi mümkündürmü və zamin şəxsin özünün kredit götürmək hüququ varmı?
İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, zamin duran şəxs zaminlik müqaviləsini imzalamalıdır:
“Burada baş verən proseslərə gəldikdə, məsələn, bankla zaminlik müqaviləsi imzalanır və orada deyilir ki, mən filankəsin gəlib sizdən götürəcəyi kreditə görə zaminəm, maksimal məbləğ 100 min manat və 5 il müddətinə və kreditin də faiz dərəcəsi təxminən 20 faizdir. Bundan sonra 5 il ərzində həmin vətəndaş gəlib, 10 min götürdü 1 illik, sonra gəlib 50 min 2 illik götürürsə, bəli, mən ona görə zaminəm.
Çünki mən ümumi öhdəlik götürmüşəm ki, bu qədər məbləğədək, bu müddətədək zaminəm. Bank da vətəndaş gələndə baxır ki, 100 min manat və 5 ilədək zaminsən. Deməli, həmin öhdəliyə görə zaminəm. Yəni özünün də xəbəri var. Əgər razı deyildisə, konkret yazardı ki, 1 il ərzində, 10-20 min manata zaminəm. Bunu yazmırlar, 5 il yazırlar. Ona görə də vətəndaşlar bəzən bu məsələlərdə yalnışlığa yol verirlər. Mənə də bu barədə müraciətlər olur. Əslində problem budur. Mən hamıya tövsiyə edirəm ki, heç kəsə görə zamin durmayın. O şəxsə görə zamin durun ki, sabah gəlib o pulu istəyəndə sizi “yandırmayacaq”. Zamin duranda fikirləşmək lazımdır. Ümumiyyətlə, kredit götürən şəxs zaminlik göstərə bilməz. Zamin özü gəlib qol çəkməlidir. Əgər zaminlik müqaviləsi müddəti bitibsə, bank onu zamin kimi qeyd edə bilməz. Zaminlik öhdəliyi zaminlik müqaviləsi formasında rəsmiləşdirilir. Əgər onun müddəti bitibsə, qurtardı". O bildirib ki, zaminlik müqaviləsinin şərtləri çox vacibdir:
"Əgər mən orada 1 dəfə yazmamışamsa, onda kredit götürən şəxs o öhdəliyi bağlayıb gəlib yenidən kredit götürəcək. Şünki müddət var. Orada ümumiyyətlə, 3 məsələ var- kreditin müddəti, məbləğ, faiz. Zaminlik məsələlərində bu üç məsələ əks olunur. Əgər onlardan hər hansı biri pozulubsa, məsələn, mən 20 faizədək zamin durmuşdum, ancaq sabah bank ona krediti 21 faizlə verib. Artıq öhdəliyə görə mən zamin deyiləm və 19 faizlə versəydi, zamin olardım”.
Ekspertin sözlərinə görə, zamin şəxsə kredit verilə bilər:
“Sadəcə zamin duranda kredit bürosundakı kredit tarixçəsində əks olunur ki, kimə görəsə zamin durmusuz. Yəni sabah özünüz üçün banka kredit götürməyə gedəndə bank deyir ki, zaminlik öhdəliyiniz var. Zaminlik elə kredit götürmək kimi bir şeydir. Ona görə də başqa yerdən kredit götürmək istədikdə banklar verə bilər məhdudiyyət yoxdur, ancaq fikirləşir ki, zamin durduğu şəxs öz borcunu verə bilməsə, bundan çıxacaqlar. Onda bu şəxs banlın borcumu verə bilməyəcək. Ona görə də əksər hallarda da həmin şəxsə kredit vermirlər”.