Dünyaca nüfuzlu “Euronews” saytında “Ukrayna Azərbaycan adı altında Rusiya qazının tranzitinə icazə verməyəcək. Zelenski Slovakiyanın ümidlərini puç etdi” başlıqlı məqalə dərc olunub.
“Cebheinfo.az” xəbər verir ki, məhz “Euronews” saytının mövqeyində Azərbaycana qarşı qərəzli münasibət aydın seçilir.
Məqalədə qeyd olunub ki, Ukrayna yanvarın 1-dən Rusiya qazının tranzitini dayandırmağa hazırlaşır:
“Tranzitin sona yaxınlaşması ilə Slovakiya ölkəyə qazın tədarükün kəsilməsinin qarşısını almaq üçün diplomatik səyləri artırıb. Alternativ qismində Bratislava Rusiya qazını əvəz etmək üçün Avropaya əlverişli variant kimi özünü göstərən, Qafqazda kiçik ölkə olan Azərbaycana müraciət edə bilər. Azərbaycanla sövdələşmələr insan haqları sahəsində ölkənin pis reputasiyasına görə mübahisələndirilib”.
Bu arada “Bruegel” (İqtisadi araşdırmalar mərkəzi - red.) qeyd edir ki, sxemə əsasən, Rusiya Ukraynaya “Azərbaycan qazı” etiketli qaz tədarük edəcək, Azərbaycan isə eyni infrastrukturdan istifadə edərək Rusiyadan “Rusiya qazı” etiketli qaz alacaq.
“Sadə dillə desək, qaz axını dəyişməyəcək: Aİ treyderləri qazı Azərbaycandan alacaq, o da Rusiyadan qaz alacaq”, - “Bruegel” oktyabrda aparılan araşdırmada bildirib.
Lakin Zelenski Kremlin hələ də pul qazanacağını və nəticədə, baha başa gələn və qəddar işğalını maliyyələşdirmək üçün əsas gəlir mənbəyini saxlayacağını iddia edərək cümə axşamı açıq şəkildə bildirib ki, belə bir saxtakarlıq əməliyyatına dözməyəcək.
“Biz başqa ölkənin Rusiyadan qaz alıb sonra tranzit etməsi oyununu oynamaq istəmirik. Bu, müharibədən qazanc əldə etməyə davam etmək və Rusiyaya pul göndərməklə eynidir”, - Zelenski “Financial Times”-ın müxbirinin sualına belə cavab verib.
Qeyd edək ki, Azərbaycanın təbii qazının Avropa bazarına çıxışına mane olmaq məqsədilə Qərbdə siyasi kampaniyanın artdığını görmək olar. Müxtəlif lobbi qrupları saxta ittihamlarla Azərbaycan qazının Avropaya nəqlinin qarşısını almağa çalışır.
Qərb bazarlarında hazırkı qış mövsümündə Azərbaycanın mavi yanacağına tələbatın artdığı bir vaxtda bu prosesi pozmaq üçün Avropa Partlamentində, Avropa Şurasında, qeyri-hökumət təşkilatları və media qurumları səfərbər edilib.
Xüsusilə də ermənilər yaranmış vəziyyətdən istifadə edərək “insan hüquqları” adı altında Bakıda həbsdə olan separatçı hərbi cinayətkarları “siyasi məhbus” kimi qələmə verməklə onların azadlığa buraxılması tələbini gündəmə gətirir.
Erməni diasporu və lobbi dairələrinin Azərbaycana təzyiq məqsədilə qaz satışına dair müqavilələrə sanksiya tətbiq edilməsini təklif edir.
Bu təxribatlarda Avropanın enerji bazarından mənfəət götürmək istəyən dövlətlərin və şirkətlərin də maraqları var. Azərbaycanın guya Rusiya qazını Avropaya satmaq istəyi barədə məlumatlar da məhz sabotaj məqsədi daşıyır.
Halbuki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dekabrın 13-də İstanbulda “STRATCOM-2024” çərçivəsində Azərbaycana həsr olunmuş paneldə bu barədə iddiaları rəsmən təkzib edib.
“Azərbaycanın Rusiya təbii qazını Qərbə satmağına dair iddialar açıq-aydın dezinformasiyanın bariz nümunəsi oldu. Azərbaycan Rusiya qazını Qərbə satmır”, - deyə Hikmət Hacıyev bildirib.
Qeyd edək ki, Rusiya təbii qazına alternativ bazarlar axtaran Avropa ölkələri üçün Azərbaycan yanacağı xilasedici əhəmiyyətə malikdir.
Belə olan təqdirdə, “Euronews”, “Financial Times” kimi Qərb media qurumları Azərbaycanın strateji mövqeyini təbliğ etmək əvəzinə “qara piar” kampaniyası aparmaqla məşğuldur.
Müşfiq Abdulla
“Cebheinfo.az”