Burada rəsmən bazar açıblar - Vətəndaşa hədə-qorxu gəlindi - "Buradan bir ədəd çöp belə keçirə bilməyəcəksən"
Tarix: 7-02-2015, 17:59 |
Çap et
Bir müddət əvvəl redaksiyamıza müraciət edən Lənkəran rayonu, Ləj kənd sakini Nağı Nağıyev Astara Gömrük Keçid Məntəqəsində üzləşdiyi problemlərlə bağlı məlumat vermişdi. O bildirmişdi ki, gömrük işçiləri ondan evinə aldığı ərzaq məhsullarına görə pul tələb ediblər. Hətta həmin vaxt o cərimə də olunub.
JAM.AZ-a yenidən müraciət edən Nağı Nağıyev bidirib ki, fevralın 4-də yenidən İrana müalicə məqsədi ilə gedib və bir gün sonra geri qayıdarkən əlində evi üçün bəzi ərzaq növləri alaraq gömrükdən keçirmək istəyib. Və gömrük işçiləri onu saxlayaraq, etdiyi şikayətə görə hədələyiblər. «Həmin gömrük işçiləri məni saxladılar və bildirdilər ki, bu hərəkətlərinə səbəb onlardan şikayət etməyim olub. Üstəlik vurğuladılar ki, etdiyim şikayətlərə rəğmən, kimsə onlara bir kəlmə də irad tutmayıb. Bu azmış kimi, mənə hədə-qorxu da gəldilər. Dedilər ki, əgər bir də şikayət edərsəm, gömrük yolu ilə bir ədəd çöp belə keçirə bilməyəcəm».
Nağı Nağıyev qeyd edir ki, Astara Gömrüyündə gömrükçülər vətəndaşlardan pul almadan onların əşyalarını buraxmırlar. Bunun qarşısını almaq üçün isə heç bir tədbir görülmürlər. «Məsələ ilə bağlı mətbuata yazmaqda məqsədim Azərbaycan rəsmilərinin Astara Gömrüyündə yaşanan biabırçılıqdan xəbərdar olması və bunun qarşısının alınmasıdır».
Qarşı tərəfi də dinləməyə hazırıq.