
Xəbər verdiyimiz kimi, Fransanın bir qrup hüquq müdafiəçisi səhiyyə sahəsində etnik-dini və iqtisadi bərabərsizliklə bağlı hesabatla çıxış edib. Hesabat müəllifləri bildiriblər ki, vətəndaşlar arasında aparılan sorğunun nəticəsi bu sahədə acınacaqlı vəziyyətin hökm sürdüyünü göstərir.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov bildirib ki, bu hesabat rəsmi Parisin öz vətəndaşlarına münasibətdə belə ədalətli olmadığını göstərir:
“Fransa səhiyyəsində tibbi təminat sahəsində dini, irqi, etnik mənsubiyyətin nəzərə alınması, xəstələrin “ağ və qeyri-ağ” kateqoriyalara bölünməsi Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin göstəricisidir. Bu fakt sübut edir ki, Makron hakimiyyəti dönəmində Fransada iqrçi siyasət açıq-aşkar güclənib və bu siyasətin hədəfində digər xalqlarla yanaşı, həm də Fransa vətəndaşlarıdır.
Fransa səhiyyə sisteminin öz vətəndaşları arasında dəri rənginə, etnik-dini mənsubiyyətə görə ayrı-seçkilik etməsi, ağ dərili insanları “birinci kateqoriyalı” şəxslər hesab edərək ilk öncə onların müraciətini dəyərləndirməsi bu ölkədə hüquq sistemi və insani dəyərlərin iflas etdiyini göstərir. Bunun əsas günahkarı isə Makron rejimi, bu rejimin eybəcər idarəetmə siyasətidir.
Ümid edirəm ki, Fransa xalqı özünə qarşı bu münasibətə dözməyəcək və gec-tez Makron rejimini vətəndaşların hüquqlarına, ölkə konstitusiyasına hörmət etməyə məcbur edəcək”.