
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Musavat Partiyasının üzvü Tofiq Yaqublunun aclıq aksiyasını dayandırması ilə bağlı ƏHD-in mətbuat xidmətinə açıqlama verib.
Teleqraf Qüdrət Həsənquliyevin açıqlamasını təqdim edir.
"Tofiq Yaqublunun ailə üzvləri, səmimi tərəfdarları reallıq hisslərini itirməməli, hesab edirlərsə ki, onun həyatı üçün təhlükə yaranıb, o halda təkəbbürü bir yana qoyub, Prezidentdən onun bağışlanmasını xahiş etməlidirlər. Söhbət insan həyatından gedirsə, kimin haqlı olması məsələsi kənara qoyulmalıdır. "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun tətbiqi ilə əlaqədar Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən qəbul edilən Təlimata əsasən aclıq edən şəxsin tələbləri əsassız sayılarsa o, müalicə müəssisəsinə yerləşdirilməli və həkim nəzarətində saxlanılmalıdır. Həyatı üçün təhlükə yaranarsa və qida qəbulundan imtinanı davam etdirərsə, şəxsi ləyaqəti alçaldılmadan hərəkətləri məhdudlaşdırılmaqla və qida borusuna zond salınmaqla məcburi qidalandırılmalıdır. Tofiq Yaqublu haqlı olaraq vəziyyəti o həddə çatdırmadı. Düşünürəm Prezident də bunu nəzərə alar və onu əfv edər" - deyə, millət vəkili qeyd edib.
Q.Həsənquliyevin sözlərinə görə, ƏHD partiyası insan hüquqlarını müdafiə təşkilatları tərəfindən həbs olunmalarında siyasi motivlərin olduğu iddia olunan şəxsiyyət və dövlət əleyhinə xüsusilə ağır cinayətlər törətmiş şəxslər istisna olmaqla, digərləri azad olunarsa, bunu düzgün qərar hesab edər: "Çünki bu qərar humanist addım olmaqla, siyasi baxımdan milli birliyə xidmət edər, cəmiyyət tərəfindən alqışlanar, ölkəmizə qarşı beynəlxalq miqyasda kampaniya aparanlara da əlavə bəhanə verilməz. Bundan başqa qarşıdan mətbuatın 150 illiyi gəlir, çox istərdik bütün jurnalistlər bu əlamətdar tarixi azadlıqda qeyd etsin. Həmin şəxslərin çoxu artıq xeyli müddətdir azadlıqdan məhrum edilib və inanıram ki, çoxları azad olunacaqları təqdirdə fərqli davranış sərgiləyəcəklər".