Oğuz rayonunun Xaçmaz kənd sakini, 44 günlük Vətən müharibəsində Zəngilan, Qubadlı və Cəbrayıl uğrunda döyüşlərdə iştirak etmiş müharibə veteranı Teymurlu Seymur Əbülfət oğlu iş tapa bilməməsindən şikayəçidir.
O, bu barədə Bakupost.az -a müraciətində bildirib.
Qazinin sözlərinə görə, hazırda Daşkəsəndə öz ixtisası üzrə işləyir. Lakin işi 15 günlükdür:
“Mən 15 gün işləyirəm, digər 15 gün üçün iş axtarıram, amma tapa bilmirəm. Problemlərim yaranıb, borclarım çoxdur. Ona görə çox çıxılmaz vəziyyətdə qalmışam”.
Seymur Teymurlu müharibə zamanı kontuziya aldığını, bu səbəbdən psixoloji problemlər yaşadığını bildirib. Onun sözlərinə görə, bununla mübarizə aparmağa çalışsa da, maddi sıxıntılar vəziyyəti ağırlaşdırır:
“Müharibədən sonra sağlamlıq problemlərim, psixoloji çətinliklərim yarandı. Bunlarla mübarizə aparıram. Həm də magistratura təhsili alıram. Boş olan 15 gün üçün iş tapmağa çalışıram.Günəmuzd iş də olar, fəhlə də, kuryer də. Yalnız müharibə veteranlarına verilən aylıq 80 manat müavinət alıram, amma bu, kifayət etmir. Düzdü, çoxlarının belə problemləri var. Amma mən təkəm və qazandıqlarım xərclərimi ödəmir. Vəziyyətim son dərəcə çətindir”.
Seymur Teymurlu, iş üçün rəsmi qurumlara müraciət etməsə də, müəyyən səlahiyyətli şəxslərə yazıb, lakin bunun da heç bir nəticəsi olmayıb.