ABŞ və Ermənistan arasında imzalanan məlum strateji tərəfdaşlıq sənədi ilə bağlı yerli və xarici mediada müxtəlif fikirlər səsləndirilir. Bir çox ekspertlər bunun heç bir əhəmiyyəti olmadığını, ABŞ-ın bir neçə ölkə ilə analoji sənəd imzaladığını bildirsə də, əksini iddia edənlər də var.
Sözügedən sazişin perspektivi nədir? Azərbaycan üçün mənfi nə vəd edir?
Globalinfo.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov deyib ki, ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi mühüm sənəd kimi də dəyərləndirilir:
“Çünki burada bir çox sahələr üzrə ABŞ-ın Ermənistana göstərəcəyi dəstək elementləri müəyyən mənada əksini tapıb. Bu Co Bayden administrasiyasının təşəbbüsü ilə hazırlanmış sənəddir. Beləliklə, yeni hakimiyyətə gələn Donald Trampı fakt qarşısında qoymağa çalışırlar. Praktikada da belə təcrübə var ki, bir administrasiya yerini başqasına təhvil verməzdən əvvəl hər hansı ölkə ilə münasibətlərinin pozulmaması səbəbindən saziş imzalayırsa, yeni hakimiyyətə gələn qüvvələr də bu sazişə əməl etməli olurlar. Bayden administrasiyası isə erməni lobbisi qarşısında öhdəliyini tam yerinə yetirmək üçün bu tip xartiyanın imzalanmasına razılıq verdi. Bu sənəd xarici işlər nazirləri səviyyəsində imzalandı. Ölkə rəhbərləri arasında imzalanmadığı üçün növbəti mərhələdə Donald Tramp elə bir sənəd imzalayar ki, artıq sözügedən xartiya qüvvədən düşmüş olar. Tarixən belə nümunələr var”.
A.Allahverənovun sözlərinə görə, sazişdə bir çox sahələrlə yanaşı, hərbi dəstəyin göstərilməsi kimi elementin yer alması narahatlıq yaradan haldır:
“Bu gün bölgədə sülh prosesi getməkdədir. Sözügedən addım isə buna mane yarada bilər. Çünki sülh prosesinə daha çox hərbi müstəvidə müdaxilələr problem törədir. Doğrudur, siyasi müstəvilərdə də təzyiqlər olur. Məsələn, Ermənistanda mövcud hakimiyyətə Qərb havadarları təsirlər edir və nəticədə Baş nazir Nikol Paşinyan müəyyən addımlar atmalı olur. Bunlar siyasi təsir elementidir.
Digər tərəfdən, iki ölkə arasında məlum sənəd imzalanmasa belə, ABŞ və Ermənistan hərbi sahədə əməkdaşlıq edir. Rəsmi Vaşinqtonun hərbi strukturlarının Ermənistan Müdafiə Nazirliyində fəaliyyət göstərməsi, müxtəlif zamanlarda iki ölkənin silahlı birləşmələrinin birgə təlim keçirməsi, hətta təlim müddəti bitdikdən sonra həmin hərbçilərin ABŞ-a geri qayıdıb-qayıtmamasının məlum olmaması buna nümunədir. Belə aydın olur ki, ABŞ-ın hərbi bölüyünün bir hissəsi hazırda Ermənistandadır. Rəsmi İrəvan və Vaşinqton arasında hərbi dəstək məsələsinin bir neçə səbəbi ola bilər. Birincisi, Rusiyanı bölgədən sıxışdırmaq, ikincisi isə regionda hərbi balansı nizamlamaq məqsədi də daşıya bilər. Lakin bu balansın təmin olunması üçün Ermənistanın hərbi büdcəyə ayırdığı vəsaitin həcmi azı 5-6 dəfə artırılmalıdır. Bu isə mümkünsüzdür. Heç bir halda Ermənistanın hərbi potensialı Azərbaycanın Silahlı Qüvvələri ilə rəqabətə girə bilməz”.
Azər Allahverənovun fikrincə, strateji tərəfdaşlıq sazişi Ermənistanı Azərbaycanla sülh müqaviləsi imzalamaqdan yayındıracaq:
“ABŞ-ın arxasında dayandığını düşünən Ermənistana boş cəsarət gələ bilər. Lakin digər məsələlər ortaya çıxır. Ermənistan KTMT-yə üzvdür, Aİİ-də təmsil olunur və s. paralel şəkildə bu proseslərin icrası rəsmi İrəvana müəyyən problemlər yaradacaq. Rusiyanın da kəskin reaksiyanın şahidi ola bilərik”.