Ermənistan, Yunanıstan və Kipr arasında müdafiə məsələlərinə dair keçirilən məsləhətləşmələrin yekunu üzrə üçtərəfli əməkdaşlıq proqramı imzalanıb.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dekabrın 19-da Afinada əvvəlcə Ermənistan və Yunanıstan arasında ikitərəfli məsləhətləşmələr, daha sonra isə Ermənistan-Yunanıstan-Kipr üçtərəfli məsləhətləşmələri keçirilib. Ermənistan Müdafiə Nazirliyindən məsləhətləşmələrdə Müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq İdarəsinin rəisi Levon Ayvazyanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
Məsləhətləşmələr zamanı 2024-cü il ərzində müdafiə sahəsində əməkdaşlıq istiqamətində görülən işlərin nəticələri və 2025-ci il üçün planlar müzakirə edilib.
"Məsləhətləşmələrin sonunda 2025-ci il üçün Ermənistan-Yunanıstan ikitərəfli və Ermənistan-Yunanıstan-Kipr üçtərəfli əməkdaşlıq proqramları imzalanıb. Bu proqramlar silahlı qüvvələrin müxtəlif fəaliyyət sahələrində onlarla tədbiri əhatə edir", - məlumatda qeyd olunub.
Tərəflər müdafiə sahəsində məsləhətləşmələrin mütəmadi qaydada keçirilməsinin vacibliyini vurğulayıblar.