Xaricdən gətirilən hibrid avtomobillərin sayı kəskin artıb
Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 1 milyard 673,2 milyon dollar dəyərində 82 min 926 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Yeniavaz.com-un apardığı hesablamaya görə, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı 6,5% və ya 5 min 812 ədəd azalıb.
Qeyd edək ki, bu ilin ilk 11 ayında idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 20 min 177 dollar (34 min 301 manat) olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 17 min 156 dollar (29 min 165 manat) olub.
Rəqəmlərdən də göründüyü kimi, bir ədəd avtomobilin orta gömrük dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% və ya 3 min 21 dollar artıb.
İdxal olunan avtomobillərin ümumi sayı azalsa da, daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki ilə də hərəkətə gətirilən nəqliyyat vasitələrinin (hibrid) idxalı artıb. Belə ki, ötən ilin ilk 11 ayında xaricdən 12 min 749 ədəd hibrid avtomobil gətirildiyi halda, bu ilin ilk 11 ayında bu göstərici 9 min 905 ədəd artaraq 22 min 654-ə çatıb.
İdxal olunan bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri 26 min 519 dollar (45 min 82 manat) olub.