Fars-molla rejimi Azərbaycana qarşı təbliğatı dayandırıb - Prezidentin İran səfəri ərəfəsi FASİLƏ
Tarix: 27-03-2014, 12:08 |
Çap et
DİA.AZ: - İranın xüsusi xidmət orqanları Azərbaycana qarşı təbliğatlarına ara veriblər. Bu barədə DİA.AZ-a daxil olan məlumatda deyilir ki, hətta bu səbəbdən fars-molla rejiminin birbaşa olaraq ölkəmiz əleyhinə fəaliyyət üçün köklənmiş media quruluşları da ciddi «MƏLUMAT» böhranı keçirməkdədir.
Mənbənin söylədikləri: «Məsələn, İranın XXO-suna yaxın olan «Səhər» kanalı, «arannyus», «qafqaz.ir», «abna.ir» və digər bu kimi portallar zaman-zaman Azərbaycan dövlətinə və Azərbaycan türkünə qarşı açıq qərəzli böhtan, aşağılama kampaniyaları ilə diqqətə gəlirdilər ki, bu gün həmin qəbildən olan fəaliyyətlərini durdurublar».
Bunun müvəqqəti xarakter daşıdığını bildirən mənbəmiz iddia edir ki, əslində iki dövlət arasındakı münasibətlər yenə də əvvəlki gərginlikdədir: «Doğrudur, rəsmi Bakı İranla münasibətlərini qaydasına salması üçün təşəbbüslər göstərir. Davamlı olaraq İrana Azərbaycanın nüfuzlu dövlət adamları səfərlər edir. Son olaraq isə Azərbaycanın Bakıdakı həbsxanalarda saxlanılan və azadlıqları İran tərəfindən dəfələrlə istənilən 11 məhbusu öz ölkələrinə təhvil verməsi faktı da mühüm əhəmiyyət daşıyır».
Ölkəmizə qarşı fars-molla mətbuatının susmasının əsas nədəninin isə prezident İlham Əliyevin İrana səfərə hazırlaşması olduğunu bildirən mənbəmiz onu da bildirib ki, İranda Azərbaycan prezidenti mühüm əhəmiyyət daşıyan və regionun taleyində müstəsna rol oynaya biləcək danışıqlar aparacaq ki, bu baxımdan Azərbaycanı söymək missiyası ilə yüklənmiş KİV-lərin susqunluğu da anlaşılandır».