
Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 18 min 235 nəfərə şəhid ailəsi üçün nəzərdə tutulan təqaüd təyin olunub.
Yeniavaz.com xəbər verir ki, şəhid ailəsi üçün nəzərdə tutulan təqaüdün bir nəfərə düşən orta məbləği 384 manat 44 qəpik olub.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə 18 min 641 nəfərə şəhid ailəsi üçün nəzərdə tutulan təqaüd təyin olunub və bir nəfərə düşən orta məbləğ 385 manat 25 qəpik olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, şəhid ailəsi olduğu üçün təqaüd alan şəxslərin sayı 406 nəfər, təqaüdün bir nəfərə düşən orta məbləği isə 81 qəpik azalıb.
Məlumat üçün qeyd edək ki, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyən edilib.
Bu məbləğ hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir.
Onu da qeyd edək ki, şəhid ailəsi üçün Prezident təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 100 manat artırılaraq 600 manata çatdırılsa da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi veb saytında bu dəyişiklik öz əksini tapmayıb. Nazirliyin rəsmi saytındakı müvafiq bölmədə şəhid ailəsi üçün Prezident təqaüdünün aylıq məbləği hələ də 500 manat göstərilir.
