"2025-ci il dollar və ABŞ səhmlərinin ili olacaq".
Bununla bağlı “Bloomberg Markets Live Pulse”-da məlumat verilib.
Bu proqnoza görə, dollarla bağlı hansı yeniliklər gözlənilə bilər?
İqtisadçı-ekspert Əkrəm Həsənov Referans.az-a açıqlamasında dollarla bağlı proqnozlar verib.
“Proqnoza əsasən deyə bilərik ki, dollar digər valyutalara nisbətdə möhkəmlənəcək. Avroya nisbətdə biz bunu artıq görə bilirik. Avro artıq zəifləyib. Eyni zamanda ABŞ səhmləri dedikdə yəni ABŞ şirkətlərinin buraxdığı qiymətli kağızlar burada nəzərdə tutulur. Donald Tramp indidən bəyan edir ki, hətta Avropa ölkələrinə, Qərb ölkələrinə qarşı da müəyyən fiskal addımlar atacaq. Bu addımlara gömrük rüsumlarının artırılması da aiddir. Bu atılacaq addımlar digər ölkələrdə bahalaşmaya gətirib çıxara bilər. Buna görə də investisiya üçün ən yaxşı seçimin ABŞ olması bir daha təsdiq oluna bilər. ABŞ-ın maliyyə alətləri daha etibarlı sayılacaq və bu baxımdan onların qiyməti artacaq”.
Ekspert xüsusilə qeyd edib ki, Azərbaycan üçün bu elə də böyük problem yaratmayacaq. Səbəb isə Azərbaycanın əsas valyuta ehtiyatlarının, habelə valyuta gəlirlərinin əsasən dollarda olmasıdır.
“Manatın məzənnəsi dollarla demək olar ki, bağlanılıb. Yəni məzənnəsi sabitdir. Bu baxımdan dolların manata nisbətdə bahalaşması ehtimalı hər zaman olduğu kimi var amma bu ehtimal yüksək deyil”.