Vəzifə ala bilməyən Əli Nağıyev xəyal qırıqlığına uğrayıb
Tarix: 21-01-2014, 09:26 |
Çap et
DİA.AZ: - Belorusiyada səfirlik dönəmini başa vuran keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin arzuları keçən ilin 22 oktyabr tarixində verilən sərəncamda da öz əksini tapmadığından, o, birdəfəlik olaraq əlini vəzifə ümidindən üzüb. Bu barədə DİA.AZ-a Əli Nağıyevin yaxınlarından biri söhbətində bildirib.
Mənbə iddia edir ki, prezident seçkiləri ərəfəsində və ondan sonra özünün hakimiyyətə yaxın birisi olduğunu sübutlayan müsahibə və açıqlamalarının ictimailəşməsi üçün mətbuata əməlli-başlı pul xərcləyən Əli Nağıyev 22 oktyabr tarixində Nazirlər Kabinetinin heyəti tam olaraq təsdiqləndikdən sonra rəsmən xəyal qırıqlığı yaşayıb:
«Halbuki o, baş nazirin müavini postuna təyin olunacağına ümidli idi» deyən mənbənin söylədikləri: «Əslində İsmət Abbasov hansısa xarici ölkəyə səfir göndəriləcəyi, Əli Nağıyevin isə baş nazirin müavini təyin olunacağı gözlənilirdi. Amma bu, baş vermədi. Kənd təsərrüfatı naziri postundan alınan İsmət Abbasov baş nazirin müavini təyin olundu. Əli Nağıyevə isə yalnız boşuna ümidlənmək qaldı».
Mənbə iddia edir ki, artıq hər şeydən əlini üzən Əli Nağıyev siyasətdən birdəfəlik uzaqlaşmağın zamanının yetişdiyi qənaətindədir: «Doğrudur, bu günlərdə o, açıqlama verərək hələ də hakimiyyətin yanında olması barədə görüntü yaratdı. Lakin reallıq tamam başqadır. Həmin müsahibəsi də Əli Nağıyevin son barıtı kimi qəbul olunmalıdır».