
Bakıda 287 min manatlıq dələduzluqda ittiham olunan Emil Əhmədov azadlığa buraxılıb.
Teleqraf-ın xəbərinə görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Emil Əhmədovun vəkili vəsatətlə çıxış edərək müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib. Bildirib ki, müvəkkilinin daimi yaşayış yeri var, məhkəmədən yayınmaq kimi bir niyyəti yoxdur. O, bir azyaşlı uşaq atasıdır, həyat yoldaşı işsizdir, ata-anası təqaüdçüdü, ailənin dolanışığı isə tək ondan asılıdır.
Vəkilin sözlərinə görə, Emil Əhmədovun iş yeri var, hər ay 3200 manat əməkhaqqı alır. Təqsirləndirilən şəxs xarici şirkətlərlə işləyir, işinin kodları yalnız onun özündədir.
Vəkil müvəkkilinin azadlığa buraxılacağı təqdirdə ziyanın ödəniləcəyinə kömək edəcəyini vurğulayıb.
Vəsatətə münasibət bildirən Emil Əhmədov da ona şans verilməsini istəyib. Deyib ki, həbsdən azad olunsa ziyanı ödəyəcəcək.
Müşavirə keçirən hakimlər həbs qətimkan tədbirinin dəyişdirilməsi haqda qərarı elan ediblər. Emil Əhmədovun ev dustaqlığına buraxılması barədə qətimkan tədbiri seçilib.
Emil Əhmədov məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, təqsirləndirilən şəxs dəymiş ziyanın bir qismini ödəyib.
İttihama görə, Emil Əhmədov bir nəfərə qarşı 287 min manatlıq dələduzluq edib.
Onun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.