Xəbər verdiyimiz kimi, Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən ediləcək. Belə ki, yeni qanuna əsasən, alkoqollu içkilərin müəyyən edilmiş qiymətdən aşağı qiymətə satılması qadağan olunub.
Qanunda edilən dəyişikliyin alkoqollu içkilərin qiymətinə necə təsir edəcəyi isə əsas maraqlı məqamlardan biridir.
Spirtli içkilər bahalaşacaq?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, alkoqollu içkilərin bahalaşması gözlənilir.
“Parlamentdə bu qanunun müzakirə ediləndə deputatlar bildirdilər ki, hər bir keyfiyyətli məhsulun bəlli bir qiyməti olmalıdır. Bu da o deməkdir ki, keyfiyyətli məhsullar bir qədər baha olmalıdır. Qanun vasitəsilə alkoqollu içkilərin bahalığını təmin edə bilərik. Amma qiymətin baha olması hər zaman keyfiyyətin meyarı sayılmır. Bəzən keyfiyyətsiz məhsullar da baha qiymətə satılır”.
Müsahibimizin fikrincə, minimium həddin müəyyən edilməsi bazarda içki keyfiyyətinin yaxşılaşmasına ciddi təsir etməyəcək.
Ancaq sosial baxımdan bu içkilərin bahalaşmasının müsbət tərəfi də var:
“Bu sayədə cəmiyyətdə alkoqollu içkilərdən istifadə edənlər azala bilər. Bu baxımdan qiymətlərin bahalaşmasını təqdir edirəm. Amma məqsəd keyfiyyətin yüksəldilməsidirsə, bunun üçün minimium həddin müəyyən edilməsi işə yaramayacaq”.