“İmişlidə ötən gün baş verən hadisə ilə bağlı məni narahat edən bir çox məsələlər var. Avtoqəza ehtiyatsızlıqdan baş verib və cinayət əməlidir, araşdırma aparılandan sonra hüquqi qiymət veriləcək. Amma məni daha çox incidən kimlərinsə hadisədən sui-istifadə edib dividend əldə etməyə çalışmasıdır”.
Bunu Teleqraf.com-a açıqlamasında İmişlinin sabiq deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə deyib.
Onun sözlərinə görə, hadisə yerində qarışıqlıq, xaos yaradan həmin şəxslər ora kimlərsə tərəfindən təhrik edilərək gətirilib.
“Ora göndərilən bir qrup vətəndaş xəsarət alan şəxləri yadlarından çıxarıblar və "Taleh Bağırlıya azadlıq" şüarını səsləndirərək polis maşınına hücum çəkib, xeyli ziyan vurublar. Polisə qarşı belə bir hərəkət qəbuledilməzdir. Yayılan görüntülərə baxanda aydın olur ki, həmin şəxslər ora təhrik edilərək gətirilib və hadisəni siyasi yönə istiqamətləndirməyə, ölkədəki ictimai, siyasi sabitliyi pozmaq üçün var qüvvələri ilə çalışıblar. İmişli sakinlərinə səslənirəm, onlar bu cür təxribatlara getməsinlər və bu hadisəyə başqa don geyindirən insanlarla əlbir olmasınlar”.
Qeyd edək ki, yanvarın 18-də İmişli rayonu ərazisində xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.
Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.
Faktla bağlı cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.