BAKI MERİNİN ASFALT FİASKOSU
Tarix: 5-04-2012, 15:41 |
Çap et
HACIBALA ABUTALIBOV ASFALT BİZNESİNİ ƏLİNDƏ SAXLAYA BİLMƏDİ
DİA.AZ: - Keçən ilin sonlarına yaxın paytaxt yollarının asfaltlanması kimi gəlirli bir sahəni ələ keçirməyə müvəffəq olan Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yarıtmaz işi ilə yenidən əldə etdiyi sahəni əvvəlki «sahibinə» - nəqliyyat naziri Ziya Məmmədova qaytarmalı olub. Bu barədə məlumat DİA.AZ-a Nazirlər Kabinetindəki qaynaqlar tərəfindən ötürülüb.
Mənbə redaksiyamıza bildirib ki, Hacıbala Abutalıbovun asfalt biznesini ələ keçirdikdən sonra ən böyük işi Mətbuat prospektinin qarşısında üzü Badamlar qəsəbəsinə doğru yolun asfaltla örtüklənməsi olsa da, bu işin öhdəsindən layiqincə gələ bilməyib.
Redaksiyamıza söylənilənlər: «Artıq Badamlar qəsəbəsindən Yasamal qəbirstanlığının arası ilə üzü Mətbuat prospektinə doğru gələn yolda çökmələr var və hətta yolun ortasında dərin quyu da əmələ gəlib. Halbuki həmin asfalt örtüyün döşənməsinin üstündən cəmi 2 ay keçib. Heç olmasa Ziya Məmmədovun asfaltı 5-6 ay davam edirdi».
Mənbəmiz bildirir ki, əgər belə bir halın yaranmasında bir səbəb işin keyfiyyətsizliyidirsə, digər səbəb də yeyinti faktıdır: «Təbii ki, buna görə Hacıbala Abutalıbov cəzalanmalı idi. Və cəzalandırdılar da. Bir həftədir ki, Bakı meriyasına yeni iş tapşırılmış və paytaxtın asfaltlanması işi yenidən nəqliyyat nazirliyinin balansında olan «Azəravtoyolservis»ə qaytarılıb».