ELNUR MƏCİDLİNİN İŞİNDƏ YENİLİK
Tarix: 23-02-2012, 13:40 |
Çap et
CƏBHƏÇİYƏ GÖRƏ ALİ MƏHKƏMƏYƏ MÜRACİƏT OLUNDU
İctimai Palatanın ötən il aprelin 2-də Bakıda keçirdiyi mitinqə görə məhkum olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elnur Məcidli haqda məhkəmə qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib.
“Media forum” saytına danışan vəkil Əsabəli Mustafayev deyib ki, Bakı Apellyasiya Məhkəməsi Elnur Məcidlinin şikayətinə ötən il dekabrın əvvəlində baxsa da, indiyədək məhkəmə qərarını ala bilmirmişlər: “Qanunla Bakı Apellyasiya Məhkəməsinin qərarını ən geci on günə bizə verməlidirlər. Bakı Apellysiya Məhkəməsinin hakimi Abdin Abdinbəyovla danışmışdım. Demişdi ki, qərarı poçtla hüquq məsləhətxanasına göndəriblər. Amma bizə çatmayıb. Yenidən göndərilməsini xahiş etdim. Razılaşmadı, dedi ki, özünüz gəlib götürün. Ötən gün məhkəməyə getdim. Amma məlum oldu ki, Abdin Abdinbəyov gözündən əməliyyat olunub, xeyli müddət işə çıxmayacaq. Ona görə də məhkəmənin qərarını ala bilmədik. ”
Vəkilin sözlərinə görə, kassasiya şikayətində Nəsimi Rayon Məhkəməsinin Elnur Məcidli haqda hökmünün və Bakı Apellyasiya Məhkəməsinin bunun qüvvədə saxlanılması haqda qərarının ləğv olunmasını, ona bəraət verilməsini istəyiblər.
Müxalif İctimai Palatanın ötən ilin aprelin 2-də Bakıda keçirdiyi mitinqdə həbs olunan Elnur Məcidli 2 il müddətinə azadlıqdan məhrum edilib.