EKSPERTİZA ELŞAD ABDULLAYEVİN XEYRİNƏ RƏY VERDİ
Tarix: 14-11-2013, 12:39 |
Çap et
DİA.AZ: - Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmən prosesi davam etdirilib.
DİA.AZ bildirir ki, APA-nın xəbərinə görə, prosesdə şahid ifadələri yekunlaşdırılıb və sənədlərin tədqiqinə başlanıb.
Sevinc Babayeva ilə Elşad Abdullayev arasında olan telefon danışığının ekspertizasının nəticəsi elan olunub. Ekspertiza müəyyən edib ki, səslər həmin şəxslərin özlərinə məxsusdur, lakin faylda redaktə işləri aparılıb. Bunun üçün də faylın yazılma tarixini müəyyən etmək mümkün olmayıb. Səs yazısında montaj müəyyən edilməyib.
Daha sonra S. Babayeva, E. Abdullayev və G. Əhmədova ilə bağlı ekspertizanın rəyi elan olunub.
Rəyə görə, səslər onların özlərinə məxsusdur. Danışanların mimika və jestləri hərəkətlərlə sinxron təşkil edir. Videoyazıda səsin saxtalaşdırılması mümkün deyil.
Proses davam edir.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.