İCRA BAŞÇISI SAKİNLƏRİ NƏ DİNLƏMƏK İSTƏMİR?
Tarix: 1-08-2013, 10:50 |
Çap et
ASİF ƏSGƏROVUN GÖRMƏLİ OLDUĞU İŞDƏN PREZİDENTƏ ŞİKAYƏT EDİLİR
DİA.AZ: - Səbail rayonu Bayıl qəsəbəsinin sakinləri yenə də natəmizlikdən şikayətçidirlər. Bu barədə DİA.AZ-a gileylənən vətəndaşlar bildirir ki, Bayıl qəsəbəsi ərazisinin təmizlənməsi sanki bir siyasətlə həyata keçirilir.
Sakinlərin redaksiyamıza yazdığı müraciətlərində qeyd olunur: «Bəlkə də Bayıl camaatına «milli qəhrəman» adı vermək lazımdır. «Avroviziya» ərəfəsində çox böyük əziyyət çəkdik. Günlərlə suyumuz olmadı, tozun-torpağın içində yaşadıq. Amma etiraz etmədik. Çünki dövlətimizin adına olan bir hadisə olduğundan, nəticəsini gözlədik.
Nəticəsi yaxşı oldu. Bu gün Bayıl sakinləri genişlənən bulvar ərazisindən də rahatlıqla istifadə edirlər. Amma bizi əsas olaraq narahat edən həmin inşaat işlərindən sonra Bayıl ərazisinin rəsmən zibilxanaya çevrilməsidir.
Bayılda magistrala yaxın ərazilər təmizlənsə də, ara küçələr zibilxananı xatırladır. Və buna görə cavabdeh olan qurumlar da səsimizi eşitmirlər. Kim ki, «JEK» işçilərinə ayrıca olaraq pul verir, həmin şəxslərin həyətləri təmizlənir. Amma hamının belə bir imkanı olmadığından zibil içində nəfəsi kəsilənlər də var».
Sakinlər bildirir ki, məsələ ilə bağlı imza toplayırlar və ölkə başçısına şikayət edəcəklər: «Çünki Səbailin icra başçısı Asif Əsgərov yalnız özünün biznes maraqlarını düşünür. Bu gün onu sakinlərin durumu maraqlandırmır. Bu aydındır. Biz də prezidentə hər seçkidə səsini vermiş vətəndaşlar olaraq ondan kömək istəyəcəyik».