MİSİR MƏRDANOVUN YERİNƏ YENİ NAMİZƏD
Tarix: 4-10-2012, 10:40 |
Çap et
BDU-NUN REKTORU DA NAZİR POSTUNA ÖZÜNÜ ŞANSLI VƏ HAQLI HESAB EDİR
DİA.AZ: - Misir Mərdanovun mövqelərinin zəiflədiyi bir şəraitdə təhsil naziri postuna iddialıların sırası günbəgün genişlənməkdədir. Artıq bir neçə gün əvvəl TN şefi görəvinə Nərgiz Paşayevanın gətiriləcəyi ilə bağlı məlumatımızı sizinlə bölüşmüşdük. Bəzi mətbu orqanlarda isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin nazir olacağı haqda informasiyalar yer alıb.
DİA.AZ-a daxil olan son bilgilərdən isə aydın olur ki, hazırda Bakı Dövlət Universitetin rəhbərlik edən deputat Abel Məhərrəmov da təhsil naziri vəzifəsi üçün heç də az dərəcədə şanslı deyil. Bu barədə məlumatı verən qaynaq iddia edir ki, BDU rektorunun Misir Mərdanovdan sonrakı müddət üçün nazir təyin edilməsi yönündə iş görənlər, rektora dəstək verənlər də var.
Mənbəmiz onu da söyləyib ki, hətta Abel Məhərrəmova yaxın çevrələr «Təhsil naziri BDU-nun şinelindən çıxmalıdır, bizim bir rektor spiker oldu (mərhum Murtuz Ələsgərov nəzərdə tutulur -red), bir rektorumuz da indi nazirdir (Misir Mərdanov nəzərdə tutulur -red), hazırki rektorumuz da nazir ola bilər» şəklində açıqlamalarla da çıxış etməkdədirlər.
Onu da bildirək ki, bu ilki dərs ili ərəfəsində vəzifəsindən alınacağı deyilən Misir Mərdanovun istefaya göndərilmə məsələsinin gələn ilə qədər ertələnməsi barədə də məlumatlar yayılıb.