
“Şükür bu günümüzə. Yaşayıram. Evdən çölə çıxmıram. Axır vaxtlar evdəyəm. Mənə gəlib evdə baş çəkirlər. Tələbələrim, sənətçilər, aparıcılar sağ olsunlar. Deyəndə ki, xəstəyəm, gəlməyin inciyirlər. Bunun özü də sevgidir, diqqətdir, qayğıdır”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Arif Babayev deyib.
Daha sonra sənətkarın xanımı Gültəkin Babayeva əlavə edib:
“Bütün günü evdədir. Ayaqları necə şişibsə tez-tez sistem, iynə edirik. Ayağına ayaqqabını güclə geyinir. Yataqda deyil, ayaqüstədir. Amma vəziyyəti elə də yaxşı deyil. Sentyabrdan bura qədər tək bir dəfə həyətə düşüb, o da qayıdıb gəlib. Ev şəraitindədir. Gördüm ki, əl ağacı ilə gəzə bilmir, bir tərəf üstə əyilir, həkim də dedi ki, 4 ayaqlı çəliklə gəzsin. Onsuz yeriyə bilmir. 9-10 aydır evdədir” deyə sənətkarın xanımı bildirib.
Xalq artistinin ömür-gün yoldaşı bildirib ki, Arif Babayev “Muğam” Televiziya müsabiqəsinin seçim turlarına qatıla bilməyib:
“Müsabiqənin 1-ci iclası olanda sevinə-sevinə AZTV-yə getdi. O qədər sevindi ki.. İndi deyir ki, gedə bilmərəm. Müsabiqə may ayının 13-də başlayır. İmkan olar gedər, olmazsa oturub evdən izləyər. Getmək istəyir, amma istəməklə deyil axı. Gərək özünü yaxşı hiss etsin. Seçim turları artıq bitib. Çox sevindi, deyir ki, səhnəyə yeni xanəndələr gəlir” deyə sənətkar bildirib.