Əsas Səhifə > Gündəm, Manşet > DƏRMAN BAZARINDA ACIMASIZ DAVA

DƏRMAN BAZARINDA ACIMASIZ DAVA


27-10-2011, 13:02
DƏRMAN BAZARINDA ACIMASIZ DAVA

ELSEVƏR AĞAYEV PREZİDENTİN QOHUMUNA QARŞI

DİA.AZ: - Bu ilin əvvəlindən start düyməsi basılan korrupsiyaya qarşı mübarizə tədbirlərinin səhiyyə sistemindən kənar qalmasının əgər bir nədəni səhiyyə naziri Oqtay Şirəliyevin hakim ailəyə aid olması ilə bağlıdırsa, digər nədəni də bu sahənin ümumiyyətlə, məmurlar tərəfindən bölüşdürülməsi ilə əlaqədardır. Bu barədə redaksiyamıza məlumat verən mötəbər qaynaqların iddiasına görə, səhiyyəyə aid elə bir gəlirli sahə yoxdur ki, oliqarxlar arasında paylaşdırılmasın.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) ötürülən informasiyada vurğulanır ki, hazırda dərman biznesi əsas olaraq iki qüvvənin əlindədir: «Onlardan birinə deputat Cavanşir Feyziyevin başçılıq etdiyi «Avromed» şirkəti təşkil edir. Bu qrupun imkanları həddindən artıq böyükdür. Cavanşir Feyziyevin şirkətdə formal olaraq rəhbər qalması və əslində «Avromed»in hakim ailənin kurasiyasına keçməsi bu qrupun dərman bazarında əsas söz sahibi olmasnı şərtləşdirir».

Mənbəmiz bildirir ki, elə dərman bazarına nüfuz edən ikinci ən böyük qrup da hakim ailəyə aiddir: «Söhbət mərhum Aqil Əliyevin oğlu İlqar Əiyevin rəhbərlik etdiyi «ReadFARM»dan gedir». Bildirək ki, Cavanşir Feyziyev ona yaradılan süni imkanlar hesabına bir müddət əvvəl «ReadFARM»ı dərman bazarında əməlli-başlı sıxışdırmağa müvəffəq olmuşdu. Hətta vəziyyət o həddə çatmışdı ki, İlqar Əliyevin bu biznesdən uzaqlaşdırılacağı haqda da şaiyələr dolaşırdı. Bu vurhavurda məlum oldu ki, «Avromed» dərman bazarının 80 faizini ələ keçirə bildi. Və eyni zamanda bu gün səhiyyə nazirliyi adından dövlət sifarişləri də məhz «Avromed» şirkətinə verilir. Bu qurum eyni zamanda Müdafiə Nazirliyini və digər dövlət qurumlarını da dərmanla təmin edir ki, əslində bütün bunlar süni şəkildə təşkil olunan şərait deməkdir.

Amma buna baxmayaraq, yenə də təslim olmaq istəməyən «ReadFARM»ın ciddi şəkildə müqavimət göstərdiyi haqda məlumatlar əldə etmişik. Bu barədə redaksiyamıza ötürülən informasiyada vurğulanır ki, son 3 ay ərzində «ReadFARM» dirçəlmə istiqamətində kurs götürüb: «İlqar Əliyev təkcə həkimlər üçün 20 milyon manatlıq büdcə ayırıb».

Mənbənin sözlərinə görə, ayrı-ayrı nüfuzlu həkimlərə 2-6 min manat arası pul verən, bəzisinə hətta avtomobil və ev hədiyyə edən İlqar Əliyev bu yolla onların vasitəsi ilə müştəri cəlb etməyi düşünür: «Artıq son üç ayda xərclənən pulların hesabına «ReadFARM» yenidən dərman bazarındakı mövqelərinin bir qismini qaytara bilib».

Mənbəmiz onu da bildirdi ki, bütün bunlar «Avromed» şefinin dostlarından birini -səhiyyə nazirinin müavini Elsevər Ağayevi bərk narahat edib. Bildirək ki, hazırda həbsdə saxlanılan Əli İnsanovdan qalma yeganə nazir müavini olan Elsevər Ağayev əslində bütün nazirlərin kassiri rolunu oynamaqdadır. Zamanında xəstəxana ərazilərinin özəlləşdirilməsi hesabına külli miqdarda vəsait məhz onun arçılığı ilə Əli İnsanovun şəxsi büdcəsinə daxil edilmişdi. İndi də Oqtay Şirəliyevə eyni xidməti göstərən Elsevər Ağayev bu gün məlum mövqeyindən yararlanaraq səhiyyəyə aid gəlirli sahələrdə də boy göstərməkdədir.

Ona görə də bu gün Elsevər Ağayev dərman biznesində yad sima kimi qəbul edilmir. Onun hətta son zamanlarda şəbəkələşməkdə olan «Zəfəran» apteklərinə də birbaşa dəxlinin olması söylənilir.

Redaksiyamıza verilən xəbərə görə, İlqar Əliyevin son günlərdə ayağa durma çabalarının əngəllənməsi üçün hərəkətə keçən Elsevər Ağayev səlahiyyətlərindən sui-istifadə edərək «ReadFARM»la əməkdaşlıq edən həkimləri hədələyib: «Bu yaxınlarda həmin xəstəxanaların baş həkimlərinə ismarıc da yollayıb və onlara özlərini yığışdırmaları barədə göstəriş də verib».

Mövzu diqqətimizdədir.araşdırmalarımız davam edir...


Geri qayıt