Əsas Səhifə > Gündəm, Manşet > MƏMURLARDAN RƏSUL QULİYEVƏ DƏSTƏK

MƏMURLARDAN RƏSUL QULİYEVƏ DƏSTƏK


15-02-2012, 12:18
MƏMURLARDAN RƏSUL QULİYEVƏ DƏSTƏK

KEÇMİŞ SPİKERİN ADAMLARI ÜÇÜN GİZLİ YARDIM FONDU YARADILIB

DİA.AZ: - Bir müddət əvvəl, YAP-çı deputat Bahar Muradova mətbuata açıqlama verərək bildirdi ki, bu gün mühacirət həyatı yaşayan, keçmiş spiker, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevlə hansısa formada əlaqədə olan məmur yoxdur. Onu da xatırladaq ki, Bahar xanımı belə bir açıqlamaya vadar edən bir neçə gün əvvəl yaydığımız xəbər olmuşdu. Həmin məlumatda qeyd olunurdu ki, günü bu gün də Rəsul Quliyevlə xoş münasibətlərdə olan yetərli sayda məmurlar var və həmin məmurlar hətta gərəkən anda özlərini açığa çıxarmağa da hazırdırlar.

Lakin bəlli olduğu kimi, hakim düşərgədən bu məlumatları inkar edən açıqlamalar gəldi. Bundan sonra isə Rəsul Quliyevə qarşı bir kampaniya başladıldı. Amma bunun özü belə zamanında Rəsul Quliyevin «əlindən su içmiş» və bu gün də özünü keçmiş spikerə bağlı hesab edən məmurların varlığını inkar etməməkdədir. Elə redaksiyamızın əldə etdiyi son məlumatlar da belə deməyə əsas yaradır.

Mötəbər qaynaqlardan «Dünya» İnformasiya Agentliyinə (diaaz.space) daxil olan xəbərdə bildirilir ki, Rəsul Quliyevə əsasən Naxçıvandan olan məmurlar dəstək verirlər: «Amma onların sırasında digər bölgələrin mənsubları da var. Bu gün maraqlıdır ki, Rəsul Quliyevə yaxın olan məmurlar daha çox Nazirlər Kabineti sistemində cəmləşiblər. AMEA-da da keçmiş spikerə bağlılığı ilə diqqətləri cəlb edən kifayət qədər elm işçisi var».

Mənbəmiz bildirir ki, bunlarla yanaşı, yetərincə tanınmış naxçıvanlı sima, həmçinin iş adamlarının da gərəkən anda Rəsul Quliyev naminə açığa çıxma ehtimalları yüksəkdir: «Bu adamlar zamanında ACP liderinin Bakıdakı dayaqlarına davmlı olaraq maliyyə yardımı da ediblər. Doğrudur, onların bəziləri müxalifət partiyalarından birinin rəhbərinin əli ilə ifşa olunaraq zərərsizləşdirilib. Amma yenə də kifayət qədər iş adamı var ki, Rəsul Quliyevə maliyyə yardımı etməklə məşğuldurlar».

Əldə etdiyimiz məlumatlardan aydın olur ki, keçən həftə hətta həmin şəxslərin bir qrupunun Bakı kənarındakı bağ evlərinin birində məxfi toplantısı da keçirilib: «Maraqlıdır ki, bu qrupa artıq iqtidar düşərgəsindən çıxdaş edilmiş bəzi Naxçıvan klanı mənsubları da daxildir ki, sözügedən tədbirdə onlar da iştirak edib. Tədbirdə müxalifətin yaz aylarına planlaşdırdığı hərəkətlənmədə iştirak əsas müzakirə mövzusu olub. Bundan əlavə, Rəsul Quliyevlə telfon bağlantısı da yaradılıb. Və birgə müzakirələrdə Rəsul Quliyevin Bakıdakı dayaqlarının maliyyələşdirilməsi qərarı verilib».

Məlumatlara görə, hətta bu məqsədlə xüsusi fond da yaradılıb ki, artıq bu fondda 100 min manata yaxın vəsait yığılıb: «Təbii ki, bu pulların hansı məqsədlə istifadə olunacağı aydındır. Əsas maliyyə isə keçmiş spikerə yaxınlığı ilə seçilən mətbuat üçün ayrılacaq ki, bu da Rəsul Quliyevin təbliğat məsələlərinə xüsusi önəm verməsindən xəbər verir».

Onu da qeyd edək ki, artıq Rəsul Quliyevə bağlılığı ilə diqqətləri cəlb edən bir neçə xəbər portalı da işə başlayıb. Bütün bunlar isə keçmiş spikerin «Azərbaycan baharı» tədarükündə ciddi olmasının göstəricisi hesab oluna bilər.


Geri qayıt