Əsas Səhifə > Siyasət, Manşet > MİSİR MƏRDANOVA KONKRET VAXT VERİLİB

MİSİR MƏRDANOVA KONKRET VAXT VERİLİB


10-02-2012, 12:43
MİSİR MƏRDANOVA KONKRET VAXT VERİLİB

TN ŞEFİ BURAXILIŞ İMTAHANLARINI BELƏ YOLA VERƏ BİLMƏYƏCƏK

DİA.AZ: - Keçən ilin sentyabr ayından etibarən təhsil naziri Misir Mərdanov enişə doğru bir kurs götürüb. Hətta həmin ərəfədə nazirin görəvdən alınacağı ilə bağlı mətbuatda gərəkən rəy formalaşdırılsa da və hətta bu barədə yayılan xəbərləri rəsmi mənbələr qeyri-rəsmi olsa belə, təsdiqləsələr də, Misir Mərdanov 2005-ci ilin məşhur 17 Oktyabr hadisələrində olduğu kimi bu dəfə də «kəfəni yırtmağa» müvəffəq oldu.

Amma buna baxmayaraq Misir Mərdanovun vəzifə başında müəyyən müddətə, şərtli və eyni zamanda səlahiyyətlərinin çoxunun əlindən alınması şəraitində saxlanıldığı məlum oldu. Yayılan xəbərlərdə bildirilirdi ki, Misir Mərdanov artıq nazir kimi formal olaraq görəv başındadır və əslində TN-yə rəhbərliyi yeni nazir müavini Qulu Novruzov etməkdədir.

Bildirək ki, keçən ilin sentyabr ayında Misir Mərdanovun 3 müavini eyni gündə vəzifəsindən alındı və Qulu Novruzov TN-yə nazir müavini təyin edildi. Bəzi məlumatlara görə, əslində həmin ərəfədə Misir Mərdanov da işdən çıxarılmalı idi və Qulu Novruzova hətta nazir postu vəd edilibmiş. Lakin sonradan hakim düşərgənin elitası TN ilə bağlı planlarını dəyişdi.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) qeyri-rəsmi qaynaqlardan sızan informasiyaya görə, əslində Misir Mərdanovun vəzifə başında saxlanılması hakimiyyət içində balansın qorunması naminə baş verən prosesdir: «Çünki bəzi qüvvələr TN-ni ələ keçirmək niyyətində idi. Qulu Novruzovun arxasında konkret qruplaşma dayanır. Ona görə də şəxsən prezident bu işə müdaxilə edərək, hansısa qruplaşmanın TN-ni ələ keçirmə planını pozub»

Amma buna rəğmən kifayət qədər arxalı olan Qulu Novruzov Misir Mərdanovu davamlı olaraq tərkisilah etməkdədir. Elə bu günlərdə belə bir olaya da rast gəlindi ki, Misir Mərdanovdan Bakı məktəblərinin kurasiyası alınaraq Bakı Baş Təhsil İdarəsinə verildi. Bu işdə də Qulu Novruzovun iştirakının olduğu söylənilir.

Xatırladaq ki, bir neçə müddət əvvəl Təhsil Nazirliyinin kollegiyasının tərkibinin Nazirlər Kabineti tərəfində rəsmən təsdiqlənməsi ilə də Misir Mərdanovun yeni müavini Qulu Novruzov TN-dəki mövqelərini daha da möhkəmləndirmiş oldu. Həmin ərəfədə hətta belə bir məlumat da yayıldı ki, Qulu Novruzov artıq öz nazirini tam olaraq səlahiyyətsiz buraxmaq üzərədir.

Onu da bildirək ki, Misir Mərdanovun nüfuzdan düşməsi hakimiyyət içində ona olan münasibəti də dəyişib. Bu barədə də bir müddət əvvəl ortaya real faktlar qoyulmuşdu. Bildirilirdi ki, hətta Misir Mərdanovun şəxsi məqsəd güdən xahişləri də qulaqardına vurulur. Çünki onun mövqeyinin oynaq olduğu hər kəsə məlumdur.

Məlumata görə, Kərəm Həsənov bu günlərdə bir əmlak mübahisəsi ilə bağlı məsələdə təhsil naziri Misir Mərdanovun maraqlarını tapdalayıb: «Bu günlərdə Misir Mərdanovun yaxın qohumlarından birinə məxsus olan Bakının mərkəzi hissəsində yerləşən və hazırda restoran kimi icarəyə verilmiş obyektin özəlləşdirilməsi sənədlərində qanunsuzluq aşkarlanıb. Və həmin qanunsuzluqla bağlı obyektin sahibi Mərdanovun qohumuna müraciət edilib».

Mənbə bildirir ki, 2001-ci ildə həyata keçirilmiş özəlləşdirilmə zamanı sözügedən obyektin səhmdarları arasında olan şəxslərdən biri sonradan dünyasını dəyişdiyindən ona çatacaq hissə (12 faiz) Mərdanovun qohumu tərəfindən qanunsuz olaraq mənimsənilib: «Həmin vaxtı mərhumun yaxınlarının şikayətləri eşidilməyib və vərəsəlik qanunsuz olaraq Misir Mərdanovun qohumuna verilib. Mərhumun yaxınlarına isə pay çatmayıb».

Mənbənin sözlərinə görə, bu yaxınlarda yenidən öz haqqlarının müdafiəsinə qalxan sözügedən şəxslər ƏMDK-yə müraciət ediblər və eyni zamanda korrupsiyaya qarşı mübarizə idarəsinə də şikayət ediblər: «İşə yenidən baxılıb və araşdırmalar zamanı əsl həqiqət üzə çıxıb. ƏMDK tərəfindən Misir Mərdanovun qohumunun qanunsuz olaraq ələ keçirdiyi pay alınaraq mərhumun yaxınlarına verilib. Və bu zaman işə təhsil naziri qarışası olub».

Mənbə bildirir ki, Misir Mərdanov Kərəm Həsənovdan məsələ ilə bağlı yardım istəsə də xeyri olmayıb: «TN şefi hətta mərhumun yaxınlarına həmin hissənin müqabilində pul da təklif edib. Amma ƏMDK onların razılaşmadığını gördükdə Misir Mərdanovun qohumuna cərimə də kəsib. Yəni bu vaxta qədər əldə edilmiş gəlirin 12 faizi mərhumun yaxınlarına ödənməlidir. Misir Mərdanovun sözü isə yerə salınıb».

Redaksiyamıza daxil olan son məlumatda isə bildirilir ki, Misir Mərdanova əslində bu dərs ilinin sonuna qədər vaxt verilib: «May ayından sonra TN rəhbərliyində dəyişiklik olacaq. Doğrudur, bu posta hələlik Qulu Novruzov ən şanslı adaydır. Amma başqa alternativlər də yox deyil. Və Misir Mərdanov hətta buraxılış imtahanlarını belə görmədən vəzifəsindən kənarlaşdırılacaq».

Mövzu diqqətimizdədir…


Geri qayıt