Əsas Səhifə > Siyasət, Manşet > ƏHƏD ABIYEV MASALLIDA QALİB GƏLDİ

ƏHƏD ABIYEV MASALLIDA QALİB GƏLDİ


8-02-2012, 12:19
ƏHƏD ABIYEV MASALLIDA QALİB GƏLDİ

O, QƏZƏNFƏR AĞAYEVLƏ ÇOXİLLİK MÜBARİZƏSİNDƏN QƏLƏBƏ İLƏ AYRILIR

DİA.AZ: - Məlum olduğu kimi, keçmiş deputat, hazırda Daşkəsən rayonuna rəhbərlik edən Əhəd Abıyev Masallının icra başçısı Qəzənfər Ağayevlə açıq-aşkar düşmənçilik həddindədir. Qəzənfər Ağayev Masallıya başçı təyin edildikdən sonra həmin ərəfədə rayonun deputatı olan Əhəd Abıyevin adamlarına qarşı çox ciddi addımlar atdı. Rayondakı qaynaqların bildirdiyinə görə, icra başçısı abıyevlərə məxsus onlarla obyekti bağlatdırmaqla yanaşı, bu şəcərinin Masallıdan ayağını birdəfəlik yığışdırmağa da müvəffəq oldu.

Amma həmin zaman cibində deputat mandatı olan Əhəd Abıyev də dinc dayanmayaraq Qəzənfər Ağayevə qarşı parlamentin tribunalarından gen-bol istifadə etdi. Hətta o zamankı deputat icra başçısını narkobaronluqda da ittiham etdi. Doğrudur, sonradan Əhəd Abıyevə qeyri-rəsmi olaraq bu mövzuda danışmaq da qadağan edildi. Və məlum oldu ki, birbaşa olaraq bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin himayəsi altında olan Qəzənfər Ağayev Əhəd Abıyevi hətta fiziki məhvlə də hədələyib.

2010-cu ilin parlament seçkilərində isə Əhəd Abıyev Masallıya ümumiyyətlə, yaxın düşə bilmədi. Suraxanıdan namizəd olmasına baxmayaraq, onun seçkilərdə simvolik olaraq iştirak etdiyi məlum oldu. Hətta sonradan Milli Dirçəliş Hərəkatının sədri Fərəc Quliyevə uduzdurulan Əhəd Abıyev bir etirafda da bulundu ki, o, seçkilərdə simvolik iştirak edib. Əslində onun həmin dairədən namizəd olan AXCP sədri Əli Kərimliyə qarşı çıxışlar etməsi üçün seçkilərə qatıldığı kimsə üçün sirr deyildi.

Təbii ki, belə bir «əhəmiyyətdə» olan fiqur görəvsiz qala bilməzdi. Qalmadı da. Çox keçmədi ki, Əhəd Abıyev Daşkəsən rayonuna başçı göndərildi. Və artıq özünə rayonda kifayət qədər imkanlar yaradan Abıyev yenidən köhnə ədavətini xatırlayaraq, Qəzənfər Ağayevə qarşı yeni cəbhə açdı. Mətbuatdan da məlum olduğu kimi, rayonun Əhəd Abıyevə bağlı olan bir qrup YAP-çı ziyalısı hətta icra başçısının zülmündən şikayətlənərək geniş miqyaslı aclıq aksiyası da həyata keçirdi.

Doğrudur, indi Masallıda vəziyyət sakit olsa da, Əhəd Abıyev heç də sakitləşməyib. «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) mötəbər mənbələrdən daxil olan informasiyada bildirilir ki, Əhəd Abıyev nəhayətdə güvəndiyi «dağların» hesabına çoxillik rəqibini sıradan çıxarmağa müvəffəq olmaq üzərədir.

Bu barədə mənbəmizin söylədikləri: «Məlumdur ki, Əhəd Abıyev birbaşa olaraq Bəylər Əyyubovun himayəsi altındadır. Və hətta onu Bəylər Əyyubovun ölümdən də qurtardığı söylənilir. Bu gün də Bəylər Əyyubova güvənən Əhəd Abıyev Qəzənfər Ağayevin torbasını tikməyə müvəffəq olub».

Mənbəmiz bildirir ki, mart ayının əvvəllərində bir neçə rayonun icra başçısı ilə yanaşı, Masallıda da rəhbər dəyişikliyi nəzərdə tutulub: «Bu, təbii ki, Əhəd Abıyevin qələbəsidir. O, nəhayətdə əsas rəqibini sıradan çıxara bildi. Təbii ki, bundan sonra Masallıda abıyevlər yenidən anlanacaq. Çünki artıq özü bir neçə istiqamətdən hədəfdə olan Şeyx belə Qəzənfər Ağayevi müdafiə əzmində deyil».


Geri qayıt